Gürcüstan müdafiə naziri: “Azərbaycan bizim strateji tərəfdaşımızdır”

Gürcüstan müdafiə naziri: “Azərbaycan bizim strateji tərəfdaşımızdır” backend

Tbilisidə NATO Parlament Assambleyasının (NATO PA) Müdafiə və təhlükəsizlik komitəsinin iclası keçirilir.

Qaziler.az “Report”a istinadən xəbər verir ki, yığncaqda Gürcüstanın müdafiə naziri Levan İzoria çıxış edərək ölkəsinin Avroatlantik strukturlara inteqrasiyası, Silahlı Qüvvələrdə islahatlar, beynəlxalq əməkdaşlıq sahəsində gördüyü işlərdən danışıb.

Azərbaycan nümayəndə heyətinin üzvü Siyavuş Novruzov bildirib ki, Azərbaycan dövləti və xalqı Gürcüstanın Avropaya və NATO-ya inteqrasiyasını dəstəkləyir.

Beynəlxalq terrorizm və separatizm təhlükələrindən danışan S.Novruzov deyib ki, Gürcüstan kimi, Azərbaycanın da əraziləri işğal olunub: "Ermənistan silahlı birləşmələri torpaqlarımızın 20 faizini işğal edib. Təhlükələr bu gün də davam edir".

S.Novruzov nazirə sualla müraciət edərək deyib: “Məlumdur ki, Gürcüstan ərazisindən Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi çox mühüm layihələr keçir. 2008-ci ildə bu kəmərləri partlatmaq cəhdi olub. ASALA terror təşkilatı dəfələrlə bu kəmərləri partlatmaqla hədələyib. Gürcüstan Silahlı Qüvvətləri bu layihələrin mühafizəsi üçün hansı tədbirlər görür?”

L.İzoria bunun cavabında vurğulayıb ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır: "Mən də nazir kimi ilk səfərimi Azərbaycana etmişəm. Bu gün həqiqətən də terror və separatizm təhlükəsi var. Gürcüstan terror və separatizmə qarşı mübarizə aparır. Enerji və infrastruktur layihələrinin təhlükəsizliyinin təminatı Gürcüstanın prioritetlərindəndir. Lakin bu cür təhlükələrə qarşı birgə mübarizə daha böyük səmərə verə bilər. Ona görə də biz üçtərəfli əməkdaşlığa üstünlük veririk. Bu günlərdə Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin 5-ci görüşü oldu. Bu görüşdə biz çox mühüm məsələləri müzakirə etdik. Üçtərəfli əməkdaşlığımız çərçivəsində yaxın vaxtlarda bizim hərbi təlimlərimiz olacaq. Sentyabrda hər üç ölkənin hərbçilərinin iştirakı ilə daha bir hərbi təlim keçirəcəyik. Düşünürəm ki, üçtərəfli əməkdaşlığımız sayəsində biz qlobal layihələrin səmərəli mühafizəsini və təhlükəsizliyini effektiv təmin edə biləcəyik”.

Tədbirdə Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov, deputatlardan Siyavuş Novruzov iştirak ediblər.

Qeyd edək ki, bu gün NATO PA-nın İqtisadiyyat və təhlükəsizlik və Elm və texnologiyalar komitələrinin də iclası keçirilib.
Diaspora