Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti sabah Latviya Respublikasına rəsmi səfərə gedir.
QAZİLƏR.AZ APA-ya istinadən bildirir ki, nümayəndə heyətinin tərkibinə deputatlar - Kamran Bayramov, Ülviyyə Ağayeva, Rövşən Rzayev, Malik Həsənov, parlament aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir: Səfər zamanı nümayəndə heyəti Latviya Seymində olacaq, ölkə parlamentinin fəaliyyəti və qanunvericilik yaradıcılığı ilə tanış olacaqlar. Milli Məclisin sədri Oqtay Əsədov Latviya Seyminin spikeri, xanım İnara Murniyetse ilə görüşəcək, parlamentlərarası əlaqələri müzakirə edəcək. Səfər çərçivəsində Oqtay Əsədovun Latviya prezidenti, baş naziri, xarici işlər və iqtisadiyyat nazirləri ilə görüşləri də nəzərdə tutulub. Bu görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, siyasi, iqtisadi münasibətlərin daha da dərinləşdirilməsi və regional münaqişələrin həlli barədə danışılacaq.
Milli Məclisin nümayəndə heyəti Latviyada Azərbaycanın Respublika Gününə həsr olunmuş tədbirə də qatılacaq.