İslam demokratiyası

İslam demokratiyası backend

Qərb anarxizminin zəhərlədiyi dumanlı beyinlər onu dərk etməkdə çətinlik çəkəcəklər

Qonşu, dost, qardaş, regionun, Şərqin və dünyanın nüfuzlu dövlətlərindən biri tarixi əhəmiyyətli, taleyüklü günlərini yaşayır. Lakin bu, heç də tamam-kamal şəkildə mayın 19-a təyin olunmuş prezident seçkiləriylə izah oluna bilməz. Hər şeydən öncə ona görə ki, 1. İslam Respublikasında Allahın sonuncu və ən mütərəqqi dininə əsaslanan idarəçilik sistemi fəaliyyət göstərir – ölkənin Ali Rəhbəri, eləcə də uzaq gələcəyə və məqsədlərə hesablanmış plan-proqramı var. 2. Prezidentlik institutu hökumətə, bir növ nazirlər kabinetinə başçılıq edən təsisatdır. 3. İranda 1979-cu ildən – İslam inqilabının qələbəsindən bəri on bir dəfə prezident seçkiləri keçirilib, bu, 12-cidir...

Prosesin aktuallığı və xüsusi maraq kəsb etməsi daha çox müasir dönəmdə demokratik prinsiplərin, fikir plüralizminin, söz azadlığının aşkar meydan sulaması, haqq-ədalətin zəfər triumfudur. Bəli, bəli, doğru eşitdiniz: əsl İslami demokratiyanın təntənəsi..! İndi bir qrup adam qılıncını sıyırıb düşəcək üstümə, başlayacaqlar köhnə bayatıları çağırmağa ki, insan haqları o yana getdi, molla rejimi bəri gəldi və sair. Bilirəm, amma gəlin tələsməyək, söhbətin yaraşığı olan əlahəzrət faktlara müraciət edək. Çünki hər hansı şəxs, yaxud obyekt barədə yanlış fikrə düşmək, hərzə-hədyan danışmaq, dezinformasiyaya uymağın məlumatsızlıqdan, əsl həqiqətdən xəbərsizlikdən irəli gəldiyi aksiomadır – sübuta ehtiyacsız həqiqətdir.



Əvvəla, burada ilk baxışdan mürəkkəb və labirintvari görünən nəzarət, kitablardan oxuyub həyatda rastlaşdıqlarımızdan xeyli fərqli siyasi üstqurum, spesifik xüsusiyyətlərə malik üsul-idarə, ilk növbədə xalqın sosial rifahını, normal həyat tərzini təmin edən iqtisadi bazis mövcuddur. Hətta birinci məqam sayılan Ali Rəhbərliyin də müəyyən məqamlarda təkbaşına qərar vermək səlahiyyətinin yoxluğu və daim Ali Məsləhət Şurası ilə məşvərət aparması əsl demokratiya nümunəsidir. Adıçəkilən təsisat həmin kürsüdə kimin əyləşməsindən asılı olmayaraq, birdən səhv, tələsik addım atıla biləcəyi reallığını nəzərə alır və hakimiyyətin tək əldə cəmləşməsi imkanlarını heçə endirir.

Cəsarətlə vurğulamaq tam yerinə düşər ki, İran beynəlxalq aləmdə sıx, ayrılmaz rəhbər-xalq vəhdətinə malik azsaylı məmləkətlərdəndir. Ayətullahül-Üzma Seyid Əli Hüseyni Xameneyi cənablarına sonsuz inam və sevgi bəsləyən yüz minlərlə insan, onun bir çağırışı ilə din, vətən, xalq yolunda ölümə belə getməyə hazırdır. Ali Rəhbərin cıxışı zəminində, ümumi düşmənə nifrət, lənət hayqıran kütlənin, yuxarı qalxan milyonlarla sıxılmış yumruğun müxtəlif tədbirlərdə, xüsusən də 2004-cü ildə - İslam inqilabının şanlı memarı İmam Xomeyninin (r.ə) vəfatının 15-ci ildönümü ilə əlaqədar Behişti-Zəhrada keçirilən anım mərasimində şahidi olmuşam.



Düşünürəm ki, İslam Respublikasının gücü və uzun illərdir Qərbin sərt sanksiyaları şəraitində nəinki duruş gətirməsinin, eləcə də bütün zəruru məhsulların daxildə istehsalı ilə yanaşı, dincməqsədli nüvə strategiyası, nano texnologiyası, tibbi tərəqqi, müdafiə qabiliyyətinin artırılması, digər uğurlu inkişaflara da imza atmasının yeganə səbəbi məhz həmin vəhdətdir – rəhbər-xalq birliyidir.

Başda Rəhbərlik məqamı, bütün dövlət strukturlarının onların dayağı, inam, etimad, söykənəcək yeri olduğunu ölkənin mütərəqqi və şəhidpərvər vətəndaşları yaxşı bilirlər. Elə üç həftə öncəki möhtəşəm mesaj da söylənilənlərin bariz nümunəsidir. Bildiyiniz kimi, 2015-ci ildə qərblə imzalanmış nüvə anlaşması nəinki iki qütb, bütöv dünya üçün yeni perspektivlər aça bilərdi, fəqət ABŞ üzərinə düşən öhdəlikləri yerinə yetirsəydi... Lakin proseslərin sıx cərəyan elədiyi, ictimaiyyət nüvə sazişini bayram elədiyi dövrdə də Ali Dini Lider böyük bir uzaqgörənliklə, sevinməyə tələsməməyi məsləhət görmüşdü və sonrakı hadisələr həmin dahiyanə qənaəti – rəqiblərin sürüşkən mövqeyinə necə dərindən bələdçiliyi təsdiqlədi. Aprelin sonlarında isə Ayətullah Xameneyi İrana qarşı müharibə təhlükəsini xalqın aradan qaldırdığını, ancaq bəzi siyasətçilərin bunu öz xidmətləri kimi təqdim etdiyini bildirib: “Onların belə iddiada olması tamamilə yanlışdır.”

İslam İnqilabının Lideri prezident olmaq istəyən namizədlərdən də istəyir ki, xalqın məişəti, rifah və iqtisadi vəziyyətini ən mühüm hədəf, prioritet saydıqlarını açıq şəkildə elan etsinlər. Lakin sözünün davamında həmin proseslərin də müəyyən şərtlər daxilində reallaşa biləcəyini vurğulayaraq, ölkənin daxili gücünə arxalanmağa və müqavimət xarakterli iqtisadiyyatın həyata keçirilməsinə çağırır.



Çünki Qərb imperializmi müxtəlif terror və təxribatlarla, süni şəkildə yaratdığı məhəlli müharibələrə çəkməklə yenməyi bacarmadığı qüdrətli ölkəni və xalqı uzunmüddətli blokada, “daxili müxalifəti fəallaşdırmaqla” parçalamağa çalışır: "Düşmənin İranla bağlı yaxın və uzun müddətli planları var. Yaxınmüddətli plan budur ki, ölkədə əmin-amanlığı bir-birinə vursunlar, fitnə-fəsad və iğtişaş yaratsınlar.” Belə bir vəziyyətdə isə 38 il öncə insanların qanı hesabına qazanılmış azadlıq və suverenliyin qorunması vacib amillərdəndir. Ayətullah Xameneyi ictimaiyyət nümayəndələri, rəsmilər və müsəlman ölkə səfirləri qarşısında çıxışı zamanı qarşıda duran əsas siyasi kursu belə izah edir: “Prezident seçkilərində namizədliyini irəli sürmüş bütün hörmətli cənablara bildirmək istəyirəm və bunu dəfələrlə demişəm ki, qərar qəbul edib, ölkənin inkişafı, iqtisadiyyatın dirçəlişi, düyünlərin açılması üçün vəd verə bilərlər, amma gözləri sərhədlərdən kənarda olmayacaq!” Və qanlı qarşıdurmaların getdiyi bir zamanda bölgədə İran kimi sabitliyin hökm sürdüyü bir yerin varlığını iftixar bilərək xəbərdarlıq edir: "Milli təhlükəsizlik və ölkənin sabitliyi çox mühümdür, möhtərəm namizədlər ehtiyatlı olsunlar ki, addımlarında və seçimlərində xətaya yol verməklə coğrafi, etnik, dil və əqidəvi bağları təhrik etməsinlər. Ehtiyatlı olsunlar ki, düşmənin tamamlaya bilmədiyi layihələrin məcrasına düşməsinlər. Çünki əgər bir kəs ölkənin təhlükəsizliyinə qarşı addım atsa, möhkəm reaksiya ilə üzləşəcək!" Bəyanda həmçinin, İslam dünyasının vəziyyətinə də toxunulub, tərəqqi yolunun vəhdətdən və hegemonlara qarşı müqavimətdən keçdiyi vurğulanıb.



İrandakı seçki demokratiyasının başqa bir nümunəsi mayın 5-də Dövlət Televiziyasından canlı yayımlanan prezidentliyə namizədlər arasındakı ikinci debatda bəzi məqamlardan şikayət və ona izahatdır. Belə ki, Həsən Ruhani konkret ad çəkmədən bəzi qüvvələrin onun hökumətinin Qərblə əldə etdiyi nüvə sazişini sual atına qoymaq üçün addımlar atdığından gileylənmişdi: “Həmin qüvvələr SEPAH-ın gizli və yeraltı silah-sursat anbarlarının şəkillərini çəkərək və raketlərin üzərində yəhudi dilində şüarlar yazaraq Qərbi qıcıqlandırmağa və əldə edilən nüvə sazişinə zərbə vurmağa çalışırlar.” Lakin cavab özünü çox gözlətmədi. İnqilab Keşikçiləri Korpusunun (SEPAH) nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatının komandanı Qulamhüseyn Qeybpərvər mayın 7-də jurnalistlərə açıqlamasında tənqidə dolayısıyla reaksiya verdi: “Raketlərimiz üzərində “İsrailə ölüm” şüarı yazılması məgər pis işdir? Ümumiyyətlə, İsrailin məhvi bizim və İran İslam Respublikasının əsas arzu və məqsədlərindən biri sayılır.”

Bundan əlavə, prezident əsas tənqidlərini seçkidə ən yaxın rəqibinə ünvanlayıb. Həmədan şəhərində seçicilərlə görüşdə İbrahim Rəisini müxaliflərə qarşı repressiyalarda günahlandırıb: “Onların əlindən müxalifləri həbsə almaqdan və ya edam etməkdən başqa heç nə gəlmir. İran milləti son 38 ildə edam və zindandan başqa əlindən bir iş gəlməyənləri qəbul etmir”. Kirmanşah şəhərində çıxışı zamanı isə belə söyləyib: “Niyə ürək sözlərinizi gənclərə açıqlamırsız? Niyə xüsusi iclaslardakı sözləri burada uca səslə dilə gətirmirsiz? Niyə cavanlara demirsiz ki, siz onları ölkə üçün bir fürsət yox, təhdid sayırsız? Sizlər ölkənin mühasirədə qalmasını, gənclərin dünya ilə əlaqəsini kəsmək istəyirsiz...” Ayətullah Rəisi həmin ittihamları tamamilə rədd edərək, Baş prokurorluqda çalışdığı dönəmdə qanunların aliliyinə hörmətlə yanaşdığını, cəzanın cinayətə adekvatlığını daim nəzarətdə saxladığını bildirib. Bəzi məqamlarda onu fəaliyyətsizlikdə suçlayan rəqibinə belə cavab verib: “Siz, ədliyyə qüvvəsində olduğum zaman cinayətkarlarla mübarizə aparmadığımı deyirsiz. Mənim dövrümdə ədliyyə qüvvəsinin məmurları ofisinizə gələrək, sizinlə söhbət etdi və ətrafınızdakıların ciddi şəkildə iqtisadi fəsad törətdiklərini bəyanladılar, amma siz məsələyə ciddi yanaşmadız”. Artıq seçki marafonunu dayandırmış Məhəmməd Baqir Qalibaf isə opponentlərin qarşısına faktlar qoyur: “Siz necə qaçaqçılıqla mübarizə aparmaq istəyirsiz ki, nazirləriniz qaçaqçılıqla məşğuldur və siz özünüz onlara imkan yaradırsız. Cənab Ruhani! 26 il öncə 800 kvadrat metrlik torpaq sahəsini 750 min manata (təxmini) satın almısız. Buna görə cinaətkarlarla ciddi mübarizə apara bilməzsiz. Cənab Cahangiri! 16 il öncə 385 kvadrat metrlik sahənin 1 kv.metri 70 azndən (təxmini) beytul malın pulundan alan sizsiniz. Fəsadla necə mübabrizə aparacaqsız? Hər iki torpaq məsələsinin sənədini gətirmişəm.”



İbrahim Rəisi deyəsən, hakimiyyətdəki namizədin zəif nöqtəsini bildiyindən əmlak deklorasiyasına işarə vurur, mal-mülk məsələsini qaldırır: “Cənablar bu sözümdən narahat olublar. Amma təklif etdiyim məsələ çox sadədir; namizədlər öz mal varlıqlarını xalqa təqdim etməlidirlər. Bu məsələ dünyanın bir çox ölkələrində mövcuddur. Şəffaflıq tərəfdarıdırlarsa, bu məsələni icra etsinlər. Mən cümə günü (12 may) debatda öz mal varlığımı açıqlayacağam. Bilirəm ki, cənab Ruhani bunu etməyə hazır deyil. Hazıram ki, özümün və ailəmin mal varlığını Həsən Ruhaninin evinin yarı qiymətinə dəyişim.”

Əlbəttə, debatlarda üzə çıxan həqiqətlərdə Ayətullah Rəisinin daha səmimi və prinsipial olduğu özünü büruzə verir. O, hətta irad tutulan bəzi rəsmi, hökumətvari məlumatsızlıqlarını (hansı ki, təbiidir) da əsaslandırmaq gücündədir: “Xarici siyasət əlaqələrim və məlumatım, nüvə müzakirələrindən başqa digər məsələlərdə sizdən az deyil. Nüvə razılığı da ona görə istisnadır ki, bu iş xüsusi olaraq sizə tapşırılmışdı. Kürdlər üçün dil azadlığı və digər məsələləri yaratdığınızı iddia edirsiz. Bunu siz yox, qanunları konstitusiyaya qeyd edən Allah edib. Siz sadəcə borcunuzu yerinə yetirib, qanunu icra etmisiniz.”

Müşahidələrim zamanı gənc yaşlarından başlayaraq uzun illər ədliyyə sistemində çalışan İbrahim Rəisidə insanlar arasında ayrıseçkilik salmamamaq, hamıya eyni gözlə baxmaq kimi bəyənilən, həqiqi rəhbərə xas keyfiyyətlər gördüm. “Fəsad mənim və ya cənab Ruhaninin əmmaməsinin altında, ya da cənab Cahangirinin, yaxud Qalibafın pencəyinin altında olsa belə, mütləq mübarizə aparılmalıdır" söyləyən təcrübəli hüquqşünasın Ruhaniyə müraciətində incə yumor duyğusu, seziləcək istehzası da üzə çıxır: “Müsbət işlərinizi niyə axır günlərə saxlamısız? Nə üçün ilk gündən kasıbların dadına çatmamısız. Mənim sizin kimi müxtəlif qəzetlərim yoxdur ki, sözlərimi deyə bilim. Kaş bütün 4 iliniz son 3-4 ayınız kimi olaydı və bu işləri həmin müddət ərzində görəydiniz.”

Açığını deyim ki, İrandakı bu seçkilərə hazırlıq və təbliğat-təşviqat mərhələsini izləməklə, mən də istər qonşu ölkədə baş verənlər, istərsə də İslami demokratiya və fikir azadlığı mövzusunda xeyli məlumatlandım. Dövlət Radio-Televiziya İdarəsinin bütün namizədlərə bərabər efir vaxtı və söz demək imkanı yaratmasına da xeyli heyrətləndim və məmnunluq hissi keçirdim. Xüsusilə, hazırda prezident olan Həsən Ruhani və müavini İshaq Cahangiri barədə rəqiblərinin irəli sürdüyü iddiaların bu efirdən səslənməsi əsl möcüzə idi. Neyləyək, biz də beləyik də... necə deyərlər, evdə bişməyib, qonşudan gəlməyə də qoymurlar...

Amma tez-tez İranı “molla rejimi” adlandırıb “demokratiyanı boğmaqda” suşlayan Qərbə - ABŞ-a, İngiltərəyə, Fransaya; onların maliyyələşdirdikləri beynəlxalq miqyaslı tele-şirkətlərə – CNN-ə, BBC-yə, Evronews-a, VOA-ya bir təklifim var: bilmədiyinin etirafı ayıb, öyrənməksə hem vaxt gec deyil. Buyurun, İslam Respublikasından ekspertlər, müşahidəçilər dəvət edin - ölkələrinizdə ədalətli seçki keçirmək və onu obyektiv işıqlandırmaqda sizlərə kömək göstərsinlər...

Qurban Cəbrayıl

Diaspora