Liviyanın xarici işlər naziri Mohamed Dayri III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə Azərbaycana gəlir. Lent.az-ın məlumatına görə, “Yeni dünya düzənində etimadın yaradılması” mövzusunda keçiriləcək Forumda M. Dayrinin geniş çıxışı nəzərdə tutulub.
Foruma qatılacaq Liviya nümayəndə heyətinin tərkibində ölkənin sabiq baş naziri Əbdürrəhim El-Keyb və Liviyanın Avropa Birliyindəki səfiri Farida Allaghi də var. F. Allaghi eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü, Əbdürrəhim El-Keyb isə təşkilatın üzvüdür.Qeyd edək ki, forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək. Bakı Forumunda iştirak etmək üçün M. Dayri ilə yanaşı üç ölkənin hazırkı dövlət başçısı - Qırğızıstan prezidenti Almazbek Atambayev, Makedoniya prezidenti George İvanov, Bolqarıstan prezidenti Roşen Plevneliyev, eləcə də Andorranın baş naziri Antoni Marti, Maltanın baş naziri Jozef Muskat, Bosniya və Hersoqovinanın xarici işlər naziri Zlatko Laqumciya da bu ayın sonunda Azərbaycana gələcək.