“Qafqaz yaponlara görə siyasi olaraq çox uzaqdadır”

“Qafqaz yaponlara görə siyasi olaraq çox uzaqdadır” backend

Yapon Keisuke Vakizaka: “Yaponiya xarici dünya ilə maraqlanmır”

Səkkiz dil bilən bir yapon düşünün, həm ülkücü, həm müsəlman olsun, həm də sizinlə sizin kəndin ləhcəsi ilə danışsın. Borçalı deyib Borçalı eşitsin. Qəribədir, deyilmi? Bildikləri bununla da yekunlaşmır. O erməni-müsəlman davasında tərəfsiz mövqe sərgiləməyi bacarır. Ankarada müsahibim Türkiyənin akademik və millətçi camesının yaxından tanıdığı Keisuke Vakizakadır. Azərbaycan mediasının dostu, Qarabağ həqiqətlərini mütəmadi olaraq diqqətdə saxlayan kafkassam.org saytının rəhbəri, Makedoniya Beylnəlxalq Vizyon Universitetinin rektor müavini Hasan Oktay bəy Keisukeni bizə “oğlum” deyə təqdim edir. Söhbət əsnasında buna yaxından şahid oluruq.

Qaziler.az azadinform.az-a istinadən müsahibəni təqdim edir:

- Keisuke, özünü təqdim elə, zəhmət olmasa.

- Adım Keisuke, soyadım Wakizakadır. Yaponiya vətəndaşıyam, Orta Doğu Teknik Universitetində doktorantura oxuyuram.

- Neçə ildir Türkiyədəsən?

- 2008-dən bəri burdayam. Türkiyədə qalmağı düşünürəm. AKEV (Antalya Kültür və Eğitim Vakfı) universitetində beynəlxalq araşdırmalar üzrə elmi işçi olaraq işə başlayacağam.

- Oranı seçməyinin xüsusi bir səbəbi varmı?

- Sakit bir yerdir. Azərbaycanlı məzunlara tövsiyə edirəm. Türkiyə universitetlərində dərslər daha keyfiyyətlidir. Fənn elmləri üçün Yaponiya, sosial elmlər üçün Türkiyə məsləhətlidir.

- Keysuke, sənə Türkiyədə kimlər dəstək olur?

- Hasan Oktay hocam, Şərəf Öz hocam, kafkassam.org saytı.

- Yeri gəlmişkən sən həm də kafkassam.org saytında araşdırma yazılarınla tanınırsan. Uzaq Yaponiyada bu sayt haqda məlumatı hardan əldə elədin?

- 2013-2014-cü illərdə bu saytın internetdə yayımlanan xəbərlərini izləyirdim, diqqətimi çəkdiyi üçün telefon nömrəsini götürüb zəng vurdum. Bu saytla əlaqələrimdən sonra da Yaponiyada bilinməyən erməni məsələsinə marağım başladı.

- Bəs nə düşünürsən erməni məsələsi haqqında?

- Ermənilər Qarabağa sonradan yerləşdirilib. Rusiya bunu həyata keçirməmişdən əvvəl oranın yerli əhalisi türk olub. Ermənilərin özləri də Qarabağ məsələsindən bezib.

- Heç erməni görmüsənmi?

- Gördüm. Ermənistanda olmamışam, amma sərhəddinə qədər getmişəm. Araşdırma üçün yaxın günlərdə getməyi düşünürəm.

- Keisuke, sən necə ülkücü oldun?

- Türklər bütün dünyada əziliblər. Şərqi Türküstandakılar, Qafqazdakılar... Ülkücü hərəkat demək dünyadakı bütün türkləri qorumaq, sahib çıxmaq deməkdir. Mən də 2005-dən etibarən bu hərəkata könül verdim.

- Sənin bu hərəkata nə kimi bir təsirin olacaq? Nə edə biləcəksən?!

- Dünyadakı bütün türkləri, Balkanlardan, Borçalıdan üzübəri harda Türk varsa onları Türkiyədəki türklərlə əlaqələndirmək, bu əlaqələri möhkəmləndirmək ülkücü hərəkatın əsas işidir. Mən də bu istiqamətdə əlimdən gələni edəcəyəm.

- Türkiyədə ən çox haranı sevirsən?

- Qaradənizi. Trabzonu.

- Azərbaycan haqqında nə bilirsən?

- Şimali Azərbaycandan daha çox Cənubi Azərbaycanda əhali var. Çox uzun bir vaxt Rusiyanın hakimiyyəti altında qalıb. O əsnada Azərbaycanla Ermənistan arasında məsələ yaradılb.

- Kim yaradıb?

- Rusiya.

- Bax, Keisuke, sən Azərbaycanı bilirəm deyirsən, sənin bildiyinin nə qədərini yaponlar bilir?

- Əslində Türkiyə haqqında məlumatları var, amma Azərbaycan və Borçalını çox az adam bilir. Səbəbi də odur ki, Qafqaz yaponlara görə siyasi olaraq çox uzaqdadır.

- Sən də o uzaqdan gəlmisən, amma diqqətini çəkib, öyrənmisən. Demək ki, məsafə bəhanə deyil.

- Yaponiya xarici dünya ilə maraqlanmır.

- Əsas maraqları nədir yaponların?

- İş və özəl həyat. Siyasət haqqında yaxşı bilmirlər.

- Bizim dilimizi nə vaxt və necə öyrənmisən?

- 2006-cı ildə Yaponiyada olanda bir naxçıvanlı dostum varıydı, ondan öyrəndim. Bir də 2009-cu ildə İstanbul Yıldız Teknik Universitetində aspiranturadakı təbrizli dostumun da köməyi oldu. 2010-da ilk dəfə Gürcüstana gedəndə Gürcüstan Dostluq Cəmiyyətinin qonaq evində qaldım. Orada Borçalıdan olan bir adamla tanış oldum, o məni Borçalıya apardı. Mən orda türk-gürcü əlaqələrini araşdırdım, məktəblərdə tədris edilən kitablarla maraqlandım. Gürcüstan qədər olmasa da Azərbaycan haqqında məlumatlıyam. Mənim doktorantura dissertasiyamın mövzusu Gürcüstanda yaşayan osetinlərdə, çeçenlərdə kimlik və milliyyətçilikdir.

- Səni bu mövzulara kim yönləndirir?

- Magistratura müdafiəmin mövzusu abxaziya məsələsi, Türkiyədəki gürcülər və çərkəzlər mövzusuydu, ona yaxın olduğu üçün özüm seçdim.

- Keisuke, sən həm də çoxlu dil bilirsən.

- Ana dilim yaponcadır, Türkiyə türkcəsini və Azərbaycan ləhcəsini lap yaxşı bilirəm. İngilis dilində mükəmməl səviyyədə oxuyub-yazıram, amma danışmaq üçün praktikaya ehtiyacım var. Farsca, gürcücə və osetincə bilirəm. Fars dilini burda oxuyan bir iranlı tələbədən öyrənmişəm. Gürcü və osetincə isə kursa getmişəm. Abxazca başlanğıc səviyyədəyəm. Erməni dilində başlanğıc, rus dilində təməl səviyyədə bilirəm.

- Bu qədər dili bir-birindən necə ayırırsan? Hansı daha çətindir?

- Fərqli olduğu üçün bir-birinə qarışmır. Rus dili çətindir. Gürcü dili rus dilindən daha asandır.

- Yapon dili necə?

- Danışmaq çətin döyül, amma oxumaq bir az çətindir.

- Sən fərqindəsənmi, Azərbaycan dilində Borçalı ləhcəsi ilə danışırsan?

- Hə, uzun müddət Borçalıda qalınca dilim də dəyişib. (Hasan Oktay müdaxilə edir: Sadəcə 4 ay qalıb orda) Biz gülürük amma müsahibim son dərəcə ciddi bir ifadə ilə sözünə davam edir). Borçalı mənim üçün Məkkə, Mədinə kimidir. Bakirə torpağıdır.

- Müsəlmansanmı, Keysuke?

- Əlhəmdülillah.

- İslam dini ilə nə vaxt tanış olmusan?

- Yaponiyadaykən trabzonlu dostum vardı, o mənə islamiyyət haqqında məlumatlar verirdi.

- Nə bilirsən İslam dini haqqında?

- Namus mövzusunda daha qatıdır.

- Nədir namus?

- Cəmiyyətdə, ailədə, eləcə də qadın və kişi münasibətlərindəki müəyyən qaydalar. İslam dini buna riayət etməyi tələb edir.

- Keisuke, sən Umrəyəmi getdin? Kim apardı?

- Hasan hoca.

- Nə hiss elədin?

- Güclü dini enerji vardı.

- Dua elədinmi?

- Əlbəttə. İş tapmaq, ailə qurmaq, Hasan hocanın işi, eləcə də bütün dostlarıma dua elədim.

- Allah qəbul eləsin. Hasan hocanı nə qədər sevirsən?

- Bir imamın sözü və onun sözünü müqayisə etsəm, onun sözü mənim üçün daha keçərlidir.

- Sən necə müsəlmansan ki, imamın sözündən çox bir müəllimin sözünə inanırsan?

- Onun sözü daha etibarlıdır.

- Varmı Azərbaycana deyəcəklərin?

- Xüsusilə borçalılar üçün demək istəyirəm artıq onlar üçün Avropa qapısı açılıb. Borçalılar üçün Türkiyə, eləcə də Makedoniyada keyfiyyətli təhsil almaq, ordakı türklərlə əlaqələri daha da yaxınlaşdırmaq imkanı yaranıb. Bu fürsəti əldən verməsinlər. Bir də onu demək istəyirəm ki, həqiqi elm tənqid və müxalif düşüncələr əsasında qurulur. Tənqid və müxalifət həqiqi elmin anasıdır.

- Azərbaycana nə vaxt gələcəksən?

- Daha bəlli döyül də, məzun olandan sonra.

Nigar İsfəndiyar

Diaspora