Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfəri çərçivəsində Latviya Seyminin spikeri xanım İnara Murnietse ilə görüşüb.
XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanın Cənubi Qafqaz regionunda Latviya üçün vacib tərəfdaş olduğunu bildirən İnara Murnietse ikitərəfli münasibətlərin cari vəziyyətinin məmnunluq doğurduğunu bildirib. Hər iki ölkənin qanunverici orqanları arasında sıx əlaqələrin mövcud olduğunu bildirən latviyalı spiker Şərq Tərəfdaşlığı çərçivəsində 21-22 may tarixlərində Riqada keçiriləcək zirvə toplantında Azərbaycanın ən yüksək səviyyədə təmsil olunacağına ümidvarlığını ifadə edib.Parlamentlərarası diplomatiyanın vacibliyini vurğulayan Elmar Məmmədyarov iki ölkənin qanunverici orqanları arasında sıx əməkdaşlığın olduğunu bildirib. O, həmçinin müxtəlif parlamentlərarası təşkilatlar çərçivəsində Azərbaycan və Latviyanın qanunverici orqanlarının əməkdaşlığını qeyd edib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar barəsində məlumat verən Elmar Məmmədyarov regionda sülh və sabitliyin bərqərar olması və regional inkişaf üçün münaqişənin həllinin vacibliyini diqqətə çatdırıb. Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə tələb olunduğu kimi münaqişənin həlli üçün ilk növbədə Ermənistan sılahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.
Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin vacibliyinə toxunan Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Aİ arasında enerji sahəsində strateji tərəfdaşlığın olduğunu və digər sahələrdə də strateji tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.