Avropa Şurası Parlament Assambleyası (AŞPA) peşman olacaq. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.
AŞPA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarını şərh edən nazir qurumun büdcəsinə ən çox ödəniş edən ölkələrdən birinin Türkiyə olduğunu bildirib:
"Bu ödənişin həcmini azaldacağıq, minimum ödəmə edəcəyik. Nümayəndə heyəti göndərib-göndərməməyi də dəyərləndiririk. Ata biləcəyimiz başqa addımlar da var. Bilsinlər ki, buna peşman olacaklar".
Qeyd edək ki, aprelin 25-də AŞPA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.
Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.