Novruz Məmmədov ABŞ-dakı mülk məsələsinə yenidən qayıtdı

Novruz Məmmədov ABŞ-dakı mülk məsələsinə yenidən qayıtdı backend

Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin sədri Novruz Məmmədov onun haqqında yalan məlumatlar yayan ABŞ-lı siyasətçiyə yenidən müraciət edib.

O, “Trampa qarşı demokratik koalisiya”nın direktorlarından biri Skott Dvorkinə Twitter səhifəsindən daha bir müraciət yayımlayıb.

N.Məmmədov hələ də onun üzr istəməsini gözlədiyini bildirib:

“Mən bir həftə sizdən üzrxahlıq gözlədim, amma siz səssizliyi qorumağa üstünlük verdiniz. Görünür ki, sizin kimilər müəyyən şəxs haqqında ictimai rəy formalaşdırıb, istənilən şeyləri yazmağı sevirlər”.

N.Məmmədovun fikrincə, S.Dvorkin ABŞ prezidenti Donald Trampla problemlərini nəzərə alaraq, tanımadığı insanlar haqqında nağıllar uydurmaqla təsəlli tapır.

Virtualaz.org xatırladır ki, amerikalı siyasətçi martın 15-də özünün Twitter bloqunda Novruz Məmmədov barədə məlumatı yaymışdı. İddia etmişdi ki, N.Məmmədov 2006-cı ildə Mayamidəki məşhur “Trump Palace”də iki mənzil alıb.

N.Məmmədov isə ona ünvanladığı birinci müraciətində yazmışdı: “Əgər siz sübut edə bilsəniz ki, mən ABŞ-da iki kondomunimun (kooperativ binada mənzil) sahibiyəm, həmin mənzilin birini sizə hədiyyə edəcəyimi bəyan edirəm. Əks halda siz üzr istəməlisiniz, əgər şərəf və ləyaqətiniz varsa”.
Diaspora