Gürcüstanda səfərdə olan Qafqaz Müsalmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə bu ölkənin Baş naziri Georgi Kvirikaşvili ilə görüşüb.
“Report"un Gürcüstan bürosu xəbər verir ki, G.Kvirikaşvili Gürcüstanın Azərbaycan ilə əlaqələrin bütün sahələrdə, eləcə də dinlərlərarası inkişafa böyük önəm verdiyini bildirib: “Biz patriarxdan sizin haqqınızda hər zaman yaxşı sözlər eşidirik və Gürcüstanda sizə böyük hörmət var. Biz sizin bu səfərinizə böyük önəm veririk. İnanırıq ki, sizin bu səfəriniz münasibətlərimizin daha da inkişafı üçün yeni imkanlar yaradacaq”.
Baş nazir Azərbaycan Prezidenti İlham Əliyevlə sıx münasibətlərinin olduğunu, ölkəmizdə Birinci vitse-prezident postunun yaradılmasını və xanım Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasını yüksək dəyərləndirib.
Gürcüstanda yaşayan müsəlmanların azad, demokratik şəraitdə yaşadıqlarını qeyd edən G.Kvirikaşvili deyib ki, Azərbaycanda da Gürcüstan patriarxlığının nümayəndəliyinin yaradılması çox yaxşı haldır və biz bunu yüksək qiymətləndiririk.
Allahşükür Paşazadə Azərbaycan Prezidentinin salamlarını baş nazirə çatdırıb və bildirib ki, rəsmi Bakı qonşu və qardaş Gürcüstan ilə əlaqələrin bütün sahələrdə inkişafında maraqlıdır. Şeyxülislam dinlər arasında əlaqələrin genişlənməsində, tolerantlığın möhkəmlənməsində Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan Nümayəndəliyinin fəaliyyətini qeyd edib.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinin inkişaf perspektivləri, müstəqillik illərində əldə etdiyimiz uğurlar, habelə, hər iki ölkənin üzləşdiyi problemlər diqqət mərkəzində olub. Hər iki ölkənin torpaqlarının 20 faizinin işğal olduğu bir daha vurğulanıb və mövcud münaqişələrin həllində dini liderlərin rolunun artırılmasının vacibliyi xüsusi qeyd olunub.
Söhbət zamanı xristian və müsəlman dini icmalarının beynəlxalq konfransın keçirilməsi barədə ilkin razılıq əldə olunub.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov QMİ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Əli Əliyev, Milli Məclisin deputatı cavanşir Paşazadə, Gürcüstanın Dini məsələlər üzrə Dövlət naziri Zaza Vaşaqmadze və digər rəsmi şəxslər iştirak ediblər.