Prezident İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul edib - FOTO

Prezident İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul edib - FOTO backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 26-da Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Svend Ollinqin etimadnaməsini qəbul edib.

Səfir Svend Ollinq fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Svend Ollinq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Danimarka arasında ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişaf etdirməyin zəruriliyini vurğuladı. Hazırda ölkələrimiz arasında iqtisadi, o cümlədən ticarət sahəsində əməkdaşlığın aşağı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev daha çox biznes əlaqələrinə malik olmağın vacibliyini bildirdi.

Danimarka şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətinə toxunan fövqəladə və səlahiyyətli səfir Svend Ollinq ölkəsini təmsil edən şirkətin Azərbaycanın neft sektoruna sərmayə qoyduğunu, “Carslebrq” şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini vurğulayaraq hazırda ölkəmizin qida sənayesinə investorları cəlb etdiklərini bildirdi. O, Danimarka şirkətlərinin ölkəmizə müasir texnologiya gətirəcəklərini və azərbaycanlı tərəfdaşları ilə birgə İsmayıllı rayonunda hind quşu fabrikini açmağı planlaşdırdıqlarını dedi. Ölkələrimiz arasında ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı müqavilənin imzalanacağını da bildirən danimarkalı diplomat əlaqələrimizin genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini vurğuladı.

Dövlətimizin başçısı Danimarka şirkətlərinin ölkəmizin regionlarında qeyri-neft sektoruna sərmayə yatırmalarını Azərbaycanın iqtisadi siyasətinə uyğun olduğunu vurğuladı və bunun regionların inkişaf etdirilməsi, yerli istehsalın genişləndirilməsi, idxaldan asılılığın azaldılması və daha çox ixrac imkanlarının artırılması baxımından önəmini qeyd etdi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Danimarkalı diplomat ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 26-da Portuqaliyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paula Leal da Silvanın etimadnaməsini qəbul edib.

Səfir Paula Leal da Silva fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Xanım Paula Leal da Silva etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Fövqəladə və səlahiyyətli səfir xanım Paula Leal da Silva Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Susanın, Baş nazir Antonio Kostanın ən xoş arzularını və dərin ehtiramlarını dövlətimizin başçısına çatdırdı.

O, ölkəmizə ilk dəfə səfər etdiyini, paytaxtımızın inkişafının onda çox böyük təəssürat yaratdığını vurğuladı. Xanım Paula Leal da Silva ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsində və dərinləşdirilməsində çox maraqlı olduğunu dedi.

Dövlətimizin başçısı Azərbaycanın da Portuqaliya ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi məsləhətləşmələrin aparılmasının, iqtisadi fəaliyyətin səviyyəsinin və biznes əlaqələrinin artırılmasının vacibliyini bildirdi.

Görüşdə ölkələrimiz arasında turizm sektorunda əməkdaşlıq üçün yaxşı imkanların olduğu qeyd edildi, bu sahədə qarşılıqlı əlaqələrin genişləndirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Prezident Marselo Rebelo de Susanın və Baş nazir Antonio Kostanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Portuqaliya Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.
Diaspora