Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva martın 16-da V Qlobal Bakı Forumunda iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freyberqa ilə görüşüb.
"Report" xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqanı yenidən ölkəmizdə görməkdən şad olduğunu bildirən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan V Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd edib, Bakı Forumunun artıq qlobal platformaya çevrildiyini deyib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən Mehriban Əliyeva bu mərkəzin Azərbaycanı dünyada tanıtmaq baxımından rolunu vurğuladı və ölkəmizin bundan sonra da mərkəzin fəaliyyətinin genişləndirilməsinə dəstəyini verməyə hazır olduğunu söyləyib.