"Səmimiyyətlə deməliyəm ki, cəbhədəki vəziyyətdə zorakılığın artması riski daha böyükdür".
Modern.az xəbər verir ki, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland bildirib.O, münaqişənin həllində diplomatiyanın gücünə inandığını bildirib.
"Belə olmasaydı, ümumiyyətlə heç bir danışıq aparılmazdı".
Hoqland Ermənistanın girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələyə də toxunub.
O qeyd edib ki, hər kəs bu məsələdən xəbərdardır. "Lakin bu, mürəkkəb məsələdir. Mən istəməzdim ki, əlavə hər hansı bir mövqe bildirim. Çünki, bununla məsələni daha da mürəkkəbləşdirmək istəmirəm".
Diplomat onu da bildirib ki, onlar gələn həftə Ermənistan rəhbərliyinin siyasi iradəsini sınaqdan keçirəcək.
Qeyd edək ki, 2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər. Onlarla birlikdə olmuş Azərbaycan vətəndaşı Həsən Həsənov güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyevə qondarma məhkəmə qurulub. “Məhkəmə”nin "qərarı" ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.