Ərdoğan Moskvaya konkret təkliflə gedib

Ərdoğan Moskvaya konkret təkliflə gedib backend

Ərdoğanın Rusiya səfərinin əsas məqsədi ötən il ikitərəfli münasibətlərdə yaranmış böhrana tamamilə son qoymaqdır.

Bu sözləri Axar.az-a Ərdoğanın Moskva səfərini şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert hesab edir ki, bu səfər Ankara və Moskva arasında indiyə qədər razılaşdırılmamış məsələlərin həlli baxımından mühüm rol oyanacaq:

“İki ölkə arasındakı münasibətlər həm regionda, həm dünyada baş verən proseslərə təsir edir. Eyni zamanda, dünyada gedən proseslər də bu münasibətlərə təsir edir. Problemli məsələlər hələ qalmaqdadır. Ancaq əsas məqsəd iqtisadi münasibətləri yeni formada qurmaq və ölkələrarası qarışlıqlı ticarət dövriyyəsini həm keyfiyyət, həm də kəmiyyətcə inkişaf etdirməkdir. Ticarət mübadiləsinin lirə və rublla aparılması gündəmdədir. Ankara və Moskva bu təklifi dəstəkləyir. Yəqin ki, səfər zamanı bu məsələ ilə bağlı konkret qərar qəbul olunacaq”.

Beynəlxalq məsələlərə gəlincə, politoloqun sözlərinə görə, Ərdoğanın Moskva görüşündə əsasən Suriya problemi müzakirə olunacaq:

“İŞİD demək olar ki, məğlubiyyətə uğrayır. Hazırda Suriyada iştirak edən tərəflər döyüşün ən əsas mərhələsinə, Rakkaya hücuma hazırlaşırlar. Ola bilsin, növbəti mərhələdə Suriya siyasətinin təşkil olunması ilə bağlı fikir mübadiləsi aparılacaq”.

Ekspert bildirib ki, türk lider Dağlıq Qarabağla bağlı İslamabadda sərgilədiyi konkret mövqeni Moskvada da təkrarlayacaq:

“Türkiyə prezidenti bu məsələni tez-tez beynəlxalq səviyyədə qabardır. İkitərəfli və çoxtərəfli görüşlərdə Qarabağ mövzusu bu və ya digər şəkildə Ərdoğan tərəfindən hallandırılır. Şübhəsiz ki, Moskvada da problem dilə gətiriləcək. Ancaq Moskva indiki mərhələdə Qarabağ probleminin ikitərəfli münasibətlər çərçivəsində xüsusi müzakirəsinə maraqlı deyil. Çox güman ki, Türkiyə Rusiyanın bu istəyini nəzərə almadan Dağlıq Qarabağla bağlı qəti mövqedən çəkinməyəcək. Əsas istək ondan ibarətdir ki, məsələ indiki vəziyyətdən çıxsın və konkret nəticələr əldə olunsun ki, bu da regiona sülh gətirsin. Çünki Rusiya və Türkiyənin birgə layihələri Qafqaz regionunu da əhatə edir”.

İ.Vəlizadə Moskva-Bakı-Ankara üçtərəfli formatının da gündəlikdə olacağını bildirib:

“Bu formatın səmərəli olması üçün Dağlıq Qarabağda real sülh olmalıdır. Tərəflərin bu sülhlə bağlı fikir mübadiləsi istisna edilmir. Ötən il Rusiya Türkiyənin də Qarabağ prosesinə qatılmasını irəli sürmüşdü. Məhz bu imkan verir ki, Ankara konkret təkliflərlə çıxış etsin. Ancaq bu təklifin nədən ibarət olacağı və Moskvanı nə dərəcədə qane edəcəyi yalnız səfərin nəticəsindən sonra aydın olacaq”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 10-da Moskvaya rəsmi səfərə gedib.
Diaspora