Azərbaycanla Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov almaniyalı həmkarına ünvanladığı məktubda diplomatik münasibətlərin qurulduğu andan ölkələrimiz arasındakı əlaqələrin dinamik şəkildə inkişaf etdiyini və müxtəlif sahələri əhatə etdiyini bildirib.Hazırda Azərbaycanın Almaniya və Avropa İttifaqının Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşı olduğunu qeyd edən nazir ikitərəfli əlaqələrin inkişafında böyük potensialın mövcudluğunu vurğulayıb. Ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin tarixinin təkcə diplomatik münasibətlərin qurulması ilə məhdudlaşmadığını və daha dərin köklərə malik olduğunu qeyd edən E. Məmmədyarov 2017-ci ildə Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyinin tamam olduğunu bildirib, Azərbaycanda almanlara məxsus tarixi-mədəni irsin mövcudluğunun ölkələrimiz arasındakı münasibətlərin mühüm simvoluna çevrildiyini vurğulayıb.
Almaniya xarici işlər naziri Siqmar Qabriel isə E. Məmmədyarova göndərdiyi məktubda 200 il əvvəl şvab almanlar tərəfindən Azərbaycan ərazisində əsası qoyulmuş Helenendorf kimi yaşayış məntəqələrinin iki ölkənin birgə mədəniyyət irsi olduğunu qeyd edib. Almaniyalı nazir Azərbaycanın ölkəsinin enerji təminatının şaxələndirilməsi sahəsində strateji tərəfdaşı olduğunu bildirib, ölkəsinin Azərbaycanın müasirləşmə səylərində, iqtisadiyyatın şaxələndirilməsində və demokratik inkişafında bundan sonra da etibarlı tərəfdaşı olmaqda davam edəcəyini diqqətə çatdırıb.
İki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadi sahədə əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayan S. Qabriel Almaniya-Azərbaycan iqtisadi forumunun buna bariz nümunə olduğunu qeyd edib.