Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Dursun Həsənov bu ölkənin daxili işlər naziri Giorgi Mqebrişvili ilə görüşüb.
Səfirlikdən “Report”un Gürcüstan bürosuna verilən məlumata görə, görüşdə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunub, münasibətlərimizin daha da möhkəmlənməsinin xalqlarımızın sülh şəraitində yaşaması və regionun təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.Səfir D.Həsənov ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin mövcud olduğunu, Azərbaycanın və Gürcüstanın iştirakı ilə həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələrin əhəmiyyətini xüsusi qeyd edib. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində imzalanan “Əsrin müqaviləsi”nin, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzrum neft-qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələrin regionun inkişafına təkan verdiyini bildirib.
Diplomat xalqlarımız arasında mehriban qonşuluq əlaqələrinin olduğunu xüsusi qeyd edib.
G.Mqebrişvili deyib ki, Azərbaycan ilə Gürcüstan dövlətləri arasında əsrlər boyu dostluq və qardaşlıq əlaqələri olub. Bu münasibətlər bizə bütün sahələrdə əlaqələrimizin inkişafı üçün möhkəm baza yaradıb. Daxili işlər orqanları arasında da əməkdaşlıq əlaqələrinin inkişafı ölkələrimizin daim sülh şəraitində yaşaması, xalqlarımızın rifah halının yaxşılaşması, eləcə də regionda təhlükəsizliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir.
Nazir Gürcüstanın ölkələrimiz arasındakı yüksək səviyyəli münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib, bunun üçün qarşılıqlı səfərlərin, qurumlar arasında təcrübə və məlumat mübadiləsinin aparılmasının vacibliyini bildirib.
Sonda Mqebrişvili Gürcüstanın daim qardaş Azərbaycanın yanında olacağını və onu hər zaman dəstəkləməyə hazır olduğunu bildirib.