“ABŞ-ın Los-Anceles şəhərində amerikalı və beynəlxalq ekspertlərin, eləcə də diplomat və ictimai-siyasi xadimlərin iştirakı ilə elmi konfrans keçirilib. Konfransda Ermənistan-Azərbaycan münaqişəsi müzakirə edilib”.
Axar.az Demokratik İslahatlar Partiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Loyola Marimont Universitetində keçirilən tədbir ABŞ-ın bir sıra mötəbər beyin mərkəzləri və universitetləri, o cümlədən Atlantik Şura, Los-Anceles Beynəlxalq Məsələlər Şurası, RAND Korporasiyası, Cənubi Kaliforniya Universiteti və Çepmən Universiteti tərəfindən təşkil olunub.Azərbaycan adından konfransda Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə çıxış edib.
O, qeyd edib ki, bu gün regionda real sülhə nail olmaq üçün birinci növbədə Ermənistan müstəqil dövlət kimi formalaşmalı, öz suveren iradəsini nümayiş etdirməyi bacarmalıdır: “Əks təqdirdə, Ermənistan-Azərbaycan münaqişəsinin yaxın perspektivdə həlli görünmür”, - deyə millət vəkili bildirib.
Konfransda çıxış edən Çepmən Universitetinin əməkdaşı Dr. Ceyms Koyl isə ATƏT-in Minsk Qrupunun fəaliyyətini kəskin şəkildə tənqid edərək, indiyə qədər görülən işlərin, irəliyə sürülən təkliflərin heç bir nəticə vermədiyini, Qrupun bu fəaliyyətinin real sülhün təmin edilməsi baxımından yarıtmaz olduğunu qeyd edib. O, eyni zamanda, ATƏT-in Minsk Qrupuna Türkiyə və Almaniyanın həmsədr kimi daxil edilməsinin vacibliyini bildirib.