Türkiyənin Bolu şəhərində Qarabağ parkı və ilk Xarıbülbül abidəsinin açılışı olub. Lent.az-ın məlumatına görə, açılışda Azərbaycan və Türkiyə millət vəkilləri, ziyalılar, Bolu valisi və bələdiyyə sədri, QHT, KİV rəhbərləri və yüzlərlə yerli sakin iştirak edib.
Tədbirdə çıxış edən Bolu bələdiyyə başçısı Səlaeddin Yılmaz bildirib ki, bir neçə ay əvvəl bölgədə Qarabağ problemi ilə bağlı konfrans keçirən zaman Qənirə Paşayeva Qarabağ parkı təklifi ilə çıxış edib: “ Mən də bir bələdiyyə başqanı olaraq bu təklifin reallaşacağını söylədim. Bu gün parkın açılışını həyata keçirməkdən çox məmnunam”.Azərbaycana böyük sevgi bəslədiyini deyən bələdiyyə başqanı Alaeddin Yılmaz və vali Aydın Baruş bildiriblər ki, Qarabağ, Xocalı soyqırımı ağrısı bütün türklərin ağrısıdır.
A. Yılmaz həmçinin çıxışında qeyd edib ki, Xarı bülbül abidəsi qoyulmuş Qarabağ parkında hər iki qardaş ölkənin bayraqları bərabər dalğalanacaq.
Bələdiyyə başqanı bu heykəlin Azərbaycanda hazırlanaraq Boluya gətirilməsini öz üzərinə götürən Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri, millət vəkili Q.Paşayevaya, "Yeni Yurd" İctimai Birliyinin sədri Mahirə Əsədovaya, heykəltaraş Akif Əsgərova bolulular adından təşəkkürünü bildirib.
Parkın açılışında çıxış edən Qənirə Paşayeva Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımı, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hələ də öz evinə dönə bilməməsi, beynəlxalq təşkilatların bunun üçün rəsmi İrəvana heç bir təzyiq göstərməməsi, ikili standartlar barədə geniş çıxış edib. Q. Paşayeva bildirib ki, Boluda Qarabağ parkı və Xarı bülbül abidəsinin açılışı dostlara və düşmənlərə ciddi mesajdır: “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir türk insanı bu gün Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır”.