Aurelia Qriqoriu: “BMT-də Xocalı faciəsinə hüquqi qiymət verən məhkəmə yaradılmalıdır

Aurelia Qriqoriu: “BMT-də Xocalı faciəsinə hüquqi qiymət verən məhkəmə yaradılmalıdır backend

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM), Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Azərbaycanlıların soyqırımı XX əsrin insanlığa qarşı cinayətidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bu il ermənilər tərəfindən uydurma “soyqırım”ın 100 illiyinin qeyd olunacağını xatırladaraq qeyd edib ki, bu yalanın ifşa olunması və əksinə, azərbaycanlılara qarşı son iki əsrdə törədilən soyqırımların dünya ictimaiyyətinə çatdırılması məqsədilə silsilə tədbirlərə start verilir: “Artıq 200 ildir ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırım davam edir. Tarixdən də məlumdur ki, ermənilər Azərbaycanın hər yerində qətliamlar törədiblər, hətta belə bir plan olub ki, bu ərazilərdən azərbaycanlılar qovulsun və ermənilər yerləşdirilsin. Son olaraq, XX əsrin ən böyük faciəsi Xocalı soyqırımını törətdilər. Bizim bu tədbirləri təşkil etməkdə məqsədimiz ondan ibarətdir k, baş verən hadisələri dünya ictimaiyyətinə çatdıraq”.

ATXƏM sədri İlham İsmayılov Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışıb. O qeyd edib ki, ATXƏM bu il fevralın 25-də Brüsseldə Avropa Parlamenti önündə mitinq keçirəcək: “Artıq mitinqin təşkil olunması üçün yerli qurumlara müraciət etmişik. Hər kəs, o cümlədən QHT-lər bu soyqırımın dünyaya çatdırılmasında fəal iştirak etməlidir. Çünki son zamanlar cəmiyyətdə də bu hadisələrə bir laqeydlik müşahidə olunur”.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib ki, Azərbaycan dövləti Xocalı soyqırımının tanıdılması istiqamətində əməli fəaliyyət göstərir. Onun sözlərinə görə, soyqırımla bağlı bir sıra dövlətlər ikili standartlardan çıxış edir: “Xocalı faciəsini tanımaq istəmirlər. Ümid edirik ki, tezliklə haqq-ədalət öz həllini tapacaq”.

Moldova Ombudsmanı Aurelia Qriqoriu çıxışında vurğulayıb ki, Dağlıq Qarabağda baş verən hadisələr və 20 Yanvar faciəsinə hüquqi qiymət verilməlidir. O bildirib ki, Xocalı faciəsini törədənlər beynəlxalq məhkəmədə mühakimə olunmalıdır: “Mən bir Ombudsman, parlament vəkili və hüquqşünas kimi deyirəm ki, Xocalı soyqırımını törədən cinayətkarlar İnsan Haqları üzrə Haaqa Məhkəməsində, Beynəlxalq Hərbi Tribunalda mühakimə olunmalıdır. Hesab edirəm ki, BMT tərkibində Xocalı faciəsinə hüquqi qiymət verilməsi üçün xüsusi statuslu məhkəmə yaradılmalıdır”.
Diaspora