Almaniyanın «Deutsche Welle» beynəlxalq yayım şirkəti millətçilərin lideri, «Almaniya üçün alternativ» (AfD) partiyasının həmsədri Frauk Petrinin Moskvada müəmmalı görüşlər keçirdiyini yazır. F.Petrinin ofisi bu haqda xəbəri yaysa da, görüşlərə kimlərin qatıldığını və nədən danışıldığını açıqlamayıb, sadəcə, onun Moskvaya Rusiyayla Almaniyanın regional cəmiyyətləri arasında əməkdaşlığı müzakirə etməyə getdiyini bildirib. Məlumatda partiya liderinin səfər çərçivəsində Dövlət Dumanın spikeri Vyaçeslav Volodinlə və onun müavini Pyotr Tolstoyla görüşdüyü də qeyd olunub.
«Deutsche Welle» V.Volodinin Rusiya prezidenti Vladimir Putinin yaxın adamı, Rusiyanın ən nüfuzlu siyasətçilərindən biri olduğunu vurğulayır. Onun parlamenti idarə etdiyini, seçkiləri necə təşkil etdiyini ölkənin daxilində də, xaricdə də çoxları bilirlər. V.Volodin həmçinin, dövlət televiziyası olan «1-ci kanal»da tok-şou aparır və müxalifət onu proqramlarında yalan informasiya yaymaqda, Qərb və Ukrayna əleyhinə təbliğat aparmaqda suçlayır.F.Petrinin Moskva görüşləri haqda Rusiyanın Dövlət Duması da məlumat yayıb. Dumanın bəyanatında almaniyalı millətçinin Rusiyaya Moskvanın dəvətiylə gəldiyi, görüşlərdə regional parlamentlər, partiyalararası əməkdaşlıq, gənclər təşkilatları arasında əlaqələrin inkişafı məsələlərinin müzakirə edildiyi deyilir. Duma həmçinin, görüşdə spikerdən başqa, parlamentin aşağı palatasının sədri, millətçi Vladimir Jirinovskinin, Dumanın Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutskinin, Energetika Komitəsinin sədri və Almaniya parlamenti ilə münasibətlər qrupunun koordinatoru Pavel Zavalnının də iştirak etdiyini bildirir.
«Deutsche Welle» yazır ki, F.Petrinin ofisi görüşə Almaniyadan daha kimlərin qatıldığını açıqlamır. Amma Almaniyanın «DPA» agentliyinin əldə etdiyi məlumata görə, AfD-nin təşkilati, siyasi və maliyyə məsələlərini idarə edən komitəsinin sədri Julian Flak da F.Petriylə birgə Moskvaya gedib.
Fransanın ifrat millətçi «Xalq Cəbhəsi» partiyasından fərqli olaraq, AfD-ni Rusiyanın maliyyələşdirməsi haqda faktlardan hələ kimsə danışmır. Amma «Deutsche Welle» AfD, eləcə də digər millətçi qrupların son zamanlar Moskvayla yaxınlıq etdiyini, rus mətbuatının Almaniyadakı millətçi siyasətçilərlə tez-tez ünsiyyətdə olduğunu vurğulayır. Kremlin vəsaitiylə çalışan «Russia Today» kanalının alman dilində də səhifəsi var və bu səhifədə, əsasən, alman millətçilərindən sitat gətirirlər.
Almaniyanın kəşfiyyat idarələri ölkədə sentyabrda keçiriləcək seçkiyə Rusiyanın müdaxiləsiylə bağlı ehtimalını çoxdan bildirib. Amma buna real sübut yoxdur. Kəşfiyyat idarələrindən sızan məlumatda Rusiyanın seçkilərə dolayı yolla müdaxiləyə cəhd edə biləcəyi deyilib.
Öncəki sorğular AfD-nin çox da populyar olmadığını göstərsə də, son zamanlar partiya tərəfdarlarının sayı artmaqdadır. Federal seçkilərdə partiyanın xeyli səs toplayacağı gözlənir. (“Azadlıq” radiosunun xülasəsi)