Parlamentdə ATƏT-in Minsk qrupunun tərkibinin dəyişdirilməsi təklif edilir

Parlamentdə ATƏT-in Minsk qrupunun tərkibinin dəyişdirilməsi təklif edilir backend

"Biz 20 ildir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə öz iradımızı bildiririk. Təəssüflər olsun ki, bu tərkib heç bir məsələnin həllinə müsbət təsir etməyib. Ona görə də hesab edirəm ki, Azərbaycanın rəsmi şəkildə Minsk qrupunun həmsədr ölkələrinin tərkibinə yenidən baxılması və genişləndirilməsi məsələsinin müzakirəyə çıxarmasının vaxtı gəlib çatıb".

Trend-in məlumatına görə, bunu Milli Məclisin yaz sessiyasının ilk iclasında çıxışı zamanı millət vəkili Azay Quliyev deyib.
Deputatın sözlərinə görə, yanvarın 21-də cənab Prezident İlham Əliyevin Almaniyaya çox uğurlu bir səfəri oldu və səfər zamanı Almaniya Kansleri xanım Angela Merkel də Dağlıq Qarabağ probleminin həllinə yaxından dəstək verəcəyini bildirdi: "Hesab edirəm ki, bu məqamdan istifadə edib Almaniyanın Minsk qrupunun həmsədrliyinə gətirilməsi məsələsini qaldırmaq lazımdır. İkinci bir təklif Türkiyənin bu formata daxil olunmasıdır. Bilirsiniz ki, Türkiyə regionda güclü dövlətdir, münaqişəyə cəlb olunan hər iki ölkədə müəyyən mənada maraqları var və xüsusilə, Ermənistan neçə müddətdir ki, Türkiyə ilə sərhədlərin açılmasına çalışır".
A.Quliyevin fikrincə, Türkiyənin müəyyən imkanları var ki, bu istiqamətdə təsir etsin, xüsusilə, Türkiyə Ermənistanla sərhədlərin açılmasının birbaşa Dağlıq Qarabağ münaqişəsinin həllindən keçdiyini bəyan edir: "Beləliklə, hesab edirəm ki, indiyə qədər fəaliyyət göstərən hər üç həmsədr ölkə birmənalı şəkildə Ermənistanı dəstəkləyib. Ona görə də bu balansı yaratmaq üçün, müəyyən formada ədalətli mövqeyi bərqərar etmək üçün Minsk qrupunun tərkibinə yenidən baxılmalıdır və mən bu məsələni ATƏT Parlament Assambleyasının qış sessiyasında qaldırmağı planlaşdırıram".
Diaspora