“Bütün dünya - istər ölkələr, istərsə də beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi sayır”. APA-nın məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov Dağlıq Qarabağdakı separatçı rejimin keçirəcəyi referenduma münasibət bildirərkən deyib.
Ə. Əhmədov bildirib ki, problemin bu günə qədər həll olunmaması dünyanın bu yanaşmasının dəyişməsi anlamına gəlmir: “Beynəlxalq təşkilatlar da bu qənaətdədirlər. Azərbaycan xalqı və hökuməti Dağlıq Qarabağla bağlı öz mövqeyini ortaya qoyub. Prezidentin də qeyd etdiyi kimi, heç bir halda Azərbaycan ərazisində ikinci erməni dövlətinin qurulmasına imkan verilməyəcək. Azərbaycanın bir qarış torpağı da ondan qoparıla bilməz. Dağlıq Qarabağın Azərbaycandan ayrılması müzakirə predmeti deyil, olmayıb və olmayacaq. O ki qaldı ermənilər və ya kimlərinsə haradasa referendum keçirməsinə, bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə, Dağlıq Qarabağın Azərbaycana adi olub-olmamasına heç bir aidiyyəti yoxdur. Kimlərsə gününü xoş keçirmək üçün bu referendumu keçirirsə, keçirsinlər. Təbii ki, Azərbaycan xalqı və hökuməti, beynəlxalq təşkilatlar, xüsusilə münaqişənin həlli ilə məşğul olanlar bu referendumu tanımayacaq. Lakin bu referendum münaqişənin həlli istiqamətində atılan addımları bir qədər çətinə sala bilər. Bu, Ermənistan tərəfinin növbəti təxribatı kimi qiymətləndirilməlidir”.