Deputatlar Araz Əlizadəyə niyə salam vermirlər?

Deputatlar Araz Əlizadəyə niyə salam vermirlər? backend

Milli Məclisin əksər deputatları nədənsə parlamentin Azərbaycan Sosial-Demokrat Partiyasından olan üzvü Araz Əlizadə ilə soyuq münasibətdədirlər. Müşahidələrə görə, deputatların çoxu Araz Əlizadə ilə ünsiyət yaratmır, onunla həmsöhbət olmaqdan, hətta ona salam verməkdən belə, qaçırlar. Yeri gəlmişkən, yəqin elə bu səbəbdəndir ki, Araz Əlizadə Milli Məclisin iclas zalında heç kimlə yanaşı oturmur, yəni tək əyləşir.

Milli Məclisdə Araz Əlizadəyə bu münasibət nədən qaynaqlanır? Parlament jurnalistlərinin məsələ ilə bağlı düşüncələri nədir?..

Modern.az saytı məsələ ilə əlaqədar Milli Məclisin iclaslarını canlı şəkildə izləyən bir neçə jurnalistin fikrini öyrənib.

“Ekspress” qəzetinin parlament müxbiri Aqil Aslanın müşahidələrinə görə, deputatların əksəriyyəti Araz Əlizadə ilə danışmır, hətta salam verən də azdır.
“Bunun səbəbini isə deputatlar daha yaxşı bilər. Şəxsi fikrimə gəlincə, bu, Araz Əlizadənin anti-milli olması ilə əlaqədardır. Onun deputatlıqdan öncəki siyasi fəaliyyəti, eləcə də hazırkı fəaliyyəti sanki Azərbaycana, türk millətinə qarşı yönəlib. Zaman-zaman etdiyi çıxışları yəqin unutmamısınız. Bu da təbii ki, millətimizə, dövlətimizə bağlı olan hər kəsdə ona qarşı ikrah hissi yaradır. Hətta bəzi deputatlar bizimlə söhbətində onu Rusiyanın adamı adlandırırlar. Sanki rusların Milli Məclisdəki nümayəndəsi Mixail Zabelin yox, Araz Əlizadədir. Onun Milli Məclisin zalında tək oturması da yəqin bununla bağlıdır. Yeri gəlmişkən, vaxtilə həmin yerdə Pənah Hüseyn əyləşirdi. Araz Əlizadə həmin yerdə otursa da, Pənah Hüseyn kimi hörmətli deputat ola bilmədi. Pənah Hüseyn müxalifətçi olsa da, parlamentdə hamı tərəfindən qəbul edilirdi. Araz Əlizadə isə yox”.

“Report” İnformasiya Agentliyinin parlamentdəki əməkdaşı İlkin Pirəli deyib ki, Araz Əlizadə yeganə siyasətçilərdəndir ki, onunla münasibəti yoxdur.
“Onun deputat kimi, eyni zamanda partiya sədri kimi fəaliyyəti mənə maraqlı deyil. Onu, ümumiyyətlə, uğurlu siyasətçi hesab etmirəm. Bəzən də danışıqlarında, çıxışlarında siyasət, siyasətçi adına uyğun olmayan ifadələr işlədir. Məncə, susmaq daha normal variant olardı. O həm də maraqlı müsahib olmadığına görə, jurnalistlər onunla münasibətə cəhd etmir.
Milli Məclisdə onun tək oturması da təbiidir. Görünür, deputat həmkarları onunla yanaşı əyləşmək istəmir, tərəddüd edirlər. Bəzi hallarda yanında oturan şəxsin fikirləri sənin fikirlərinlə üst-üstə düşməlidir. Yəqin ki, belə bir deputat yoxdur”.

"Yeni Müsavat”qəzetinin əməkdaşı Elşad Paşasoy bildirib ki, Araz Əlizadə elə son açıqlaması ilə niyə tək olduğunu nümayiş etdirdi.
“Azərbaycana xilas üçün gələnlərin ünvanına həqarət söyləyənlər erməni-bolşevik əsarətindən xilas edilmiş ölkədə necə geniş çevrəyə malik ola bilərlər ki? Məncə, deputat Araz Əlizadə Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirən, müqəddəs ruhları narahat edən açıqlamasına görə üzrxahlıq etsə, daha yaxşı olar, nəinki bu zərərli fikirlərinə əlavə dəstəkçilər axtarsa...”.

"Gununsesi.info"nun parlamentdə akkreditasiya olunmuş redaktoru Kamil Həmzəoğlu deyib ki, bu suala cavabı əslində elə cənab Əlizadənin özündən soruşmaq yaxşıdır.
“Görünür, onu heç kimi öz "doğması" hesab etmir. Həm də bu, onun özünü yekəxana və ədəbaz aparmasından irəli gəlir. Hər halda, bu, heç də xoşagələn hal deyil. Özünün ciddi-ciddi fikirləşməsi lazımdır”.
Diaspora