Vladimir Kazimirovun “Nezavisimaya qazeta”da dərc edilmiş, ölkəmizə münasibətdə qərəzli mövqedən yazılmış və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edən məqalələrinə (sonuncu belə məqalə yanvarın 26-da çap olunub) cavab olaraq həmin qəzetin 2017-ci il 6 fevral tarixli nömrəsində Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Vladimir Kazimirovun əyri güzgüsündə” adlı məqaləsi dərc edilib
Məqalədə deyilir: "Rusiya mətbuatında vaxtaşırı özünü yada salan keçmiş səfir Vladimir Kazimirov yenə dözməyib və özündən müştəbeh tərzdə ümumi xarakterli öyüd-nəsihət verməyi, eləcə də konkret olaraq Azərbaycanı “haqq yoluna dəvət etməyi” qərara alıb. Həm də o bunu Azərbaycana və bu ölkənin diplomatik xidmətinə münasibətdə elementar etikadan kənar tərzdə edib. İstər-istəməz buna reaksiya verilməli idi, lakin mən oxşar yolla getməyi yersiz hesab etdim və əsas məqamların icmalını daha münasib formada təqdim etməyə üstünlük verdim.Cənab Kazimirovun inadkarlıqla son on ildə eyni, lakin məzmunca artıq xeyli köhnəlmiş tezislərinin növbəti porsiyasını şərh etməzdən əvvəl Vladimir Nikolayeviçə bir sualım var: əgər siz özünüzü bu qədər yüksək səriştəli hesab edirsinizsə, müvafiq mandatınız olduğu vaxtda – 1996-cı ilə qədər nə üçün bu münaqişənin qəti həllinə nail ola bilmədiniz? Axı nə siz, nə də ATƏT-in Minsk qrupunda sizin varisləriniz hələ bunu edə bilməyib.
Əslində siz özünüz də bu faktı inkar etmirsiniz. Üstəlik, bu il yanvarın 26-da “Nezavisimaya qazeta”da dərc olunmuş sonuncu məqalənizin əvvəlində də qeyd edirsiniz ki, münaqişəni dinc yolla həll etmək cəhdləri 20 ildən artıq vaxt alıb. Bunun təqsirkarı kimi, guya vasitəçilərin təşəbbüslərini pozan Azərbaycanı göstərməyə çalışırsınız, sizin fikrinizcə, “hər iki erməni tərəfi” isə Minsk qrupunun təklifləri üzərində işləməyə hazır olduqlarını göstərir. Siz Azərbaycan tərəfin bütün mümkün yollardan, hətta hərbi yoldan da istifadə etməklə öz ərazi bütövlüyünü müdafiə etmək kimi ayrılmaz hüququ barədə bəyanatlarına görə ah-zar edərək, pərdələnməyə çalışırsınız.
Lakin insanları çaşdırmağa çalışmaq yersizdir. Siz, cənab Kazimirov, çox yaxşı bilirsiniz ki, “erməni tərəfləri” anlayışı yoxdur, münaqişənin tərəfləri olan Ermənistan və Azərbaycan, bir də bu münaqişənin həllində maraqlı tərəflər kimi Dağlıq Qarabağın erməni və Azərbaycan icmaları var. Bütün beynəlxalq vasitəçilər məhz bu formatda işləyiblər və yenə bu formatda işləyirlər.
Bundan əlavə, yaxşı olardı ki, siz – hazırda istefada olan keçmiş yüksəkvəzifəli diplomat BMT Nizamnaməsini götürüb bu sənədin dövlətlərin özünümüdafiə hüququ və təcavüzü dəf etmək hüququndan bəhs edilən 51-ci maddəsini nəzərdən keçirəsiniz. Bütün beynəlxalq münasibətlər sisteminin bazası olan bu mühüm sənədi yaddaşınızda təzələmək təhrifləri aradan qaldırmağa kömək etməlidir. Bu təhriflər sizi o dərəcəyə çatdırır ki, deməyinizə görə, təcavüzün qurbanı özü təqsirkardır, təcavüzkar isə az qala “sülh göyərçini”dir.
Sizin sonuncu məqalənizdən belə təsəvvür yarana bilər (hər halda müəllif çox səylə belə təsəvvür yaratmağa çalışır) ki, vasitəçilərin Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsinə dair bütün fəaliyyəti müddətində cəmi iki sanballı sənəd yaranıb və hər iki sənədin “atası” Kazimirovdur. 1994-1995-ci illərdə yaradılmış bütün sənədlər kompleksindən yalnız faks aparatının düyməsini basmaqla iştirak etdiyiniz sənədləri qabartmaq, bütün başqa sənədləri unutmaq, onların barəsində susmaq sizin peşəkar eqoizminizin və ya peşəkar amneziyanızın növbəti təzahürüdür.
OXŞAR XƏBƏR
Prezident Brüsseldə Donald Tuskla görüşdü — FOTOLAR
Xatırladırıq. Münaqişə tərəfləri arasında atəşkəs haqqında 1994-cü il 5 may tarixli Bişkek protokolunda “ən intensiv iş apararaq ən qısa müddətdə etibarlı, hüquqi öhdəliklər irəli sürülən, hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin bərpa olunmamasını, qoşunların işğal edilmiş ərazilərdən çıxarılmasını, kommunikasiyaların fəaliyyətinin bərpa olunmasını, qaçqınların qaytarılmasını, danışıqlar prosesinin davam etdirilməsini təmin edən mexanizm nəzərdə tutulan sazişlər imzalanması yolu ilə bu protokolun təsbit edilməsi” barədə çağırışlar var. Məlum olduğu kimi, bu razılaşmalar əsasında 1994-cü il mayın 12-də atəşkəs rejimi qüvvəyə minib. 1994-1995-ci illərdə tərəflərin müzakirə etdiyi bütün başqa sənədlərin məqsədi bu razılaşmaları implementasiya etmək olub. Konkret tədbirlər arasında atəşkəs rejiminin qorunub saxlanması (tənzimləmə üçün şərait yaradan texniki məqamlar) və işğalçı qüvvələrin çıxarılması (nizamlamanı təmin edən məzmun aspektləri) də var.
Belə ki, işğal edilmiş ayrı-ayrı ərazilərdə vəziyyətin tənzimlənməsinə dair Tədbirlər Təqvimi haqqında 1995-ci il 5 noyabr tarixli II Əlavədə işğal olunmuş Ağdərə, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinin və minalardan təmizlənməyə başlanmasının zaman çərçivələri birbaşa müəyyən edilib.
İşğal edilmiş ərazilərin dərhal və qeyd-şərtsiz azad edilməsi barədə bu tələblər BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və yaxşı məlum olduğu kimi, icrası üçün iddia müddəti olmayan dörd qətnaməsinin (822, 853, 874 və 884 nömrəli) müddəalarından irəli gəlirdi. Həmin qətnamələrə görə, BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı güc tətbiq edilməsini və onun ərazilərinin işğal olunmasını pislədi və eyni zamanda, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, onun beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərinin toxunulmazlığını bir daha təsdiqlədi. Təhlükəsizlik Şurası həmin qətnamələrdə bir daha təsdiq etdi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir.
Bu tələblərin Ermənistan tərəfindən yerinə yetirilməməsini, ehtimal ki, onu beynəlxalq hüquq qaydalarına və dövlətlərin dinc yanaşı yaşaması normalarına hörmət etməyin zəruri olmasına inandıra bilməmiş beynəlxalq vasitəçilərin nöqsanı hesab etmək olar. Nəticədə Azərbaycan torpaqlarının işğalı davam edir və bu, yeganə faktdır ki, siz haqlı olaraq onu təsdiqləyirsiniz. Bu halda təcavüzkara qarşı təsirli beynəlxalq qınaq və onu sülhə məcbur etmək tədbirləri görülmür. Lakin bunun səbəbi təcavüzə məruz qalmış Azərbaycanın “qeyri-konstruktiv mövqeyi” deyil, işğalçı tərəfin bütün beynəlxalq qərarları, o cümlədən BMT Təhlükəsizlik Şurasının imperativ xarakterli qətnamələrini də sabotaj etməsidir.
Sizin sənədli ekvilibristikadan istifadə etməklə təcavüzkara hər vasitə ilə himayəçilik etmək cəhdləriniz vəziyyəti daha da gərginləşdirir, qoşunların təmas xəttində nəzarət tədbirlərindən dəm vurmaqla status-kvonu uzatmağa çalışan Ermənistanın mövqeyini bir növ dəstəkləmək illüziyası yaradır. Hərçənd, tamamilə aşkardır ki, hər hansı insidentlərə yol verməməyin yeganə təsirli və etibarlı üsulu işğalçı Ermənistan qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını təmin etməkdir. Yalnız bu halda hazırda aparılan danışıqlar prosesi çərçivəsində münaqişənin qəti siyasi tənzimlənməsinə doğru irəliləmək mümkün olar.
Siz isə, Vladimir Nikolayeviç, yaxşı olar ki, artıq 20 ildən çox müddətdə heç bir aidiyyətiniz olmayan proses ətrafında informasiya feykləri yaratmayasınız".