Almaniyadan deportasiya məhkəmənin qərarı əsasında həyata keçirilir, bəzi hallarda isə bu qeyri-mümkün olur. APA-nın verdiyi xəbərə görə, bu barədə Ankarada mətbuat konfransı zamanı Almaniya kansleri Angela Merkel jurnalistin FETÖ tərəfdarlarının Türkiyəyə verilib-verilməyəcəyinə dair suala cavabında bildirib.
“Terror və digər cinayətlərlə mübarizə aparmaq bizim vəzifəmizdir. Bunu, hər bir ölkə kimi, Almaniya da edir, lakin biz əlimizdə müvafiq məlumatlar, faktlar olduqda addım ata bilirik və həmin məlumatlarla bağlı məhkəmə qərar qəbul edir. Almaniya məhkəmələrinin bir neçə qərarları var ki, onlar müəyyən şəraitdə deportasiyanı mümkünsüz edir. Biz bu barədə danışdıq, ədliyyə nazirlərimiz bu istiqamətdə danışıqları davam etdirəcəklər”, - deyə Merkel suala cavabında bildirib.Merkelin sözlərinə görə, məhkəmələr müstəqil araşdırmaların nəticəsində həmin qərarları qəbul edib: “Biz bu qərarlara hörmət etməliyik və edəcəyik”.
Qeyd edək ki, bundan əvvəl Almaniya DİN-i Türkiyə tərəfinin bir neçə il ərzində FETÖ-çuların Türkiyəyə deportasiyası ilə bağlı Berlinə 6 minədək sorğu göndərdiyini etiraf edib. Həmin sorğuların heç biri təmin edilməyib.