Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı məsələlər müzakirə olunub

Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı məsələlər müzakirə olunub backend

Bu gün Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə Nazirlər Kabinetinin müvafiq şöbəsinin, Milli Məclisin deputatlarının, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının və müavinlərinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun və Dövlətqaçqınkomun əməkdaşlarının iştirakı ilə geniş müşavirə keçirilib.

Müşavirədə Azərbaycan Prezidentinin 2017-ci il 23 yanvar tarixli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanından və “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin vaxtında və yüksək səviyyədə icrasının təmin edilməsi məqsədilə ətraflı fikir mübadiləsi aparılıb.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dövlətimizin başçısı tərəfindən imzalanmış hər iki sənədin böyük tarixi əhəmiyyət kəsb etdiyini bildirib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı bu Fərman və Sərəncamı məcburi köçkünlərə olan diqqət və qayğı ilə bərabər, həm də çoxdan gözlənilən böyük qayıdışın başlanğıcı kimi dəyərləndirib. Vurğulayıb ki, Prezident ötən ilin aprelində xalqımıza qələbə sevincini, bu ilin əvvəlində isə doğma yurda qayıdışın qürur dolu hisslərini yaşatdı.

Əli Həsənov qeyd edib ki, Azərbaycan Prezidentinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncamı xalqımız, həmçinin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Bu qərar bütün beynəlxalq aləmə səs salıb. Sənəd Azərbaycanın bütün vətəndaşlarında, ordumuzda böyük ruh yüksəkliyi yaradıb. Əgər dövlətimizin başçısı, Ali Baş Komandan tərəfindən əmr verilərsə, Azərbaycan Ordusu tarixi torpaqlarımız olan İrəvana qədər gedib çıxar. Bu ruh yüksəkliyi Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən Horadiz əməliyyatı zamanı da mövcud idi.

Baş nazirin müavini bildirib ki, Cocuq Mərcanlı kəndi 1994-cü ildə ulu öndər Heydər Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi ilə aparılan uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad edilib. Lakin mənfur qonşularımız həmin ərazini demək olar ki, daim atəş altında saxlayır və yaşayış üçün təhlükəli vəziyyət yaradırdılar. Ancaq keçən ilin aprel ayında erməni təxribatının qarşısını almaq məqsədilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş uğurlu aprel əməliyyatlı zamanı Lələtəpə yüksəkliyi işğaldan azad edildikdən sonra həmin ərazilərdə yaşayış üçün tam təhlükəsiz vəziyyət yaradılıb.

Bu sənədin imzalanmasının Ermənistanda da böyük rezonansa səbəb olduğunu bildirən Əli Həsənov deyib: “Azərbaycan Prezidenti dəfələrlə öz çıxışlarında bildirib ki, biz erməni analarının gözüyaşlı qalmasını istəmirik. Ancaq Ermənistanın siyasi rəhbərliyi bunlardan nəticə çıxarmırdılar. Azərbaycanlıların qanı üzərində hakimiyyətə gələn o cinayətkar rejim elə düşünür ki, himayədarları sona qədər onların arxalarında duracaq, bu cinayətkar rejimi dəstəkləyəcək. Ancaq vaxt gəlib çatıb və onları dəstəkləyənlər artıq geri çəkilirlər”.

Əli Həsənov vurğulayıb ki, aprel döyüşləri bizim həyatımızda şanlı tarixdir. Bu əməliyyatlar zamanı iki strateji yüksəklik ordumuz tərəfindən azad olundu. Talış kəndi ətrafındakı yüksəkliklərin işğaldan azad olunması ilə minlərlə hektar ərazi düşməndən təmizləndi. Bu əməliyyatlardan sonra 360 erməni ailəsi ətraf kəndləri tərk edib. Əminəm ki, yaxın zamanlarda o ərazilərin bərpasına da başlaya biləcəyik. Bu gün biz böyük qayıdışa başladığımız halda, Ermənistandan böyük köç başlayıb. Bu döyüşlərdə bizim də şəhidlərimiz oldu. Ancaq bu gün onların ruhları şaddır. Çünki onların qanı bahasına alınan torpaqlara insanlar böyük ruh yüksəkliyi ilə, həvəslə qayıdırlar.

Komitə sədri deyib ki, dövlətimizin başçısının tapşırığına əsasən, bu kənddəki hər bir ev təcili şəkildə araşdırılmalıdır, hər bir evin sənədi təcili tərtib olunmalıdır. Həmin torpaqlarda ANAMA tərəfindən mina axtarışları davam etdirilir. Bundan əlavə, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin, beynəlxalq təşkilatların nümayəndələrinin Cocuq Mərcanlıya səfərləri təşkil olunacaq.

Diqqətə çatdırılıb ki, Sərəncamda Cocuq Mərcanlı kəndində ilkin mərhələdə 50 fərdi yaşayış evinin və məktəb binasının tikintisi nəzərdə tutulur .Ancaq Prezident İlham Əliyevin tapşırığı ilə apardığımız araşdırmalara əsasən ərazidə 150-200 ailə yerləşdirmək mümkündür. Eyni zamanda, oraya köçürüləcək ailələr üçün lazım olan bütün şərait yaradılacaq.

Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərmanın əhəmiyyətindən danışan Əli Həsənov bildirib ki, qaçqın və məcburi köçkünlərlə əlaqədar imzalanmış Fərman 28 illik qaçqınlıq, 24 illik məcburi köçkünlük dövründə qəbul olunmuş bütün fərman və sərəncamlar arasında tarixi əhəmiyyət kəsb etməsi ilə fərqlənir. Yəni, əvvəlki fərman və sərəncamlara da diqqət yetirsək görərik ki, onların hamısı qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinə yönəlib. Dövlət büdcəsindən məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədilə imzalanan Fərmanın icrası ilə bağlı bütün məsələlər Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq qaydalarla tənzimlənir və burada bütün məsələlər aydın şəkildə öz əksini tapır. Məcburi köçkünlərin özlərinin müxtəlif vaxtlarda keçirilən görüşlərdə etdikləri müraciətlərə əsasən imzalanmış bu Fərman bürokratik əngəlləri aradan qaldırmaq, bu sahədə şəffaflığı təmin etmək, israfçılığın qarşısını almaqla yanaşı, ailələrin enerjiyə, suya və qaza qənaət etmələrinə şərait yaradacaq. Bütün bunlar onların sosial müdafiəsinin güclənməsinə yönəlib.

Baş nazirin müavini onu da diqqətə çatdırıb ki, Prezidentin məcburi köçkünlərə bu cür yüksək diqqət və qayğısına cavab olaraq hamılıqla bu sahəyə nəzarət gücləndiriləcək, qaydalara uyğun vəsait ayrılacaq məcburi köçkünlərin siyahıları tərtib olunacaq və yenidən dəqiqləşdiriləcək. Bu istiqamətdə heç bir neqativ hala yol verilməməsi üçün bütün imkanlar qarşıya qoyulan vəzifələrin icrasına yönəldilməlidir. Burada heç bir ləngiməyə yol verilməməlidir.

Müşavirədə Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Elman Məmmədov, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov çıxış edərək Prezident İlham Əliyev tərəfindən imzalanmış Fərman və Sərəncamın əhəmiyyətindən danışıblar. Müşavirədə yerlərdə görülən və nəzərdə tutulan işlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonda Baş nazirin müavini Əli Həsənov bu Fərman və Sərəncamdan irəli gələn məsələlərin təcili və yüksək keyfiyyətlə icra edilməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Diaspora