Artıq 1 aya yaxındır ki, Azərbaycan əsgəri Çingiz Qurbanovun meyiti ermənilərin əlindədir
Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Ermənistan-Azərbaycan dövlət sərhədini pozmağa cəhd göstərərkən Azərbaycan əsgəri Çingiz Qurbanov ermənilərin əlinə keçib.Ermənilər əsgərimizi öldürüb, ancaq hələ də əsgərimizin nəşini Azərbaycan tərəfinə vermirlər.
Əsgərimizin nəşinin qaytarılması yönündə isə beynəlxalq qurumların gördüyü iş qənaətbəxş sayıla bilməz.
Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Ölkə.Az-a danışıb:
"Azərbaycan dərhal ATƏT-lə monitorinq sahəsində əməkdaşlığı dayandırmalıdır. Əsgərimizin meyiti Azərbaycana qaytarlmayana qədər cəbhə bölgəsində monitorinq keçirilməməli, heç bir görüş olmamalıdır. Bu nə qədər ağır səslənsə də, Azərbaycan özündə cürət tapıb bunu etməlidir.
Aydın görünür ki, Ermənistan Azərbaycanı təxribata çəkmək istəyir. Dünən Azərbaycan xarici işlər nazirini Moskvaya dəvət edən Lavrov ağzını açıb bu məsələdən bir kəlmə də danışmadı. Lavrovun əsas narazıçılığı Azərbaycanın Rusiyadan silah almaqdan üz döndərməsi ilə bağlı idi. Qarabağla bağlı ümumi sözlər səsləndirildi".
Qızıl Xaç komitəsinin bu məsələ ilə bağlı səssiz qalması barədə isə hərbi ekspert bunları dedi:
"Azərbaycanda Qızıl Xaç komitəsinin nümayəndəsi İlahə Hüseynovadan xahiş edirəm ki, özünü hörmətdən salmasın. Bütün beynəlxalq qurumlar bir tərəfə dayanıb, İlahə Hüseynova özünü qabağa verib ki, əsgərin meyitinin geri qaytarılması ilə bağlı məxfi danışıqlar aparılır. İlahə Hüseynova yalan danışır. Heç bir danışıq aparılmır. Heç bir müzakirə yoxdur.
Anji Kaspşik Azərbaycan müdafiə naziri ilə görüşdü. Əgər Anji Kaspşikin separatçılarla, Ermənistan rəhbərliyi ilə görüşü olsa idi bu barədə xəbər çıxardı. Heç bir tələb səsləndirilmir, heç bir tələb qoyulmur, ona görə də, ermənilər həyasızlaşıb. Ermənilərin qansız, vicdansız olduğunu bilirdim, ancaq onların bu dərəcədə insanlıqdan kənar hərəkət edə biləcəklərini düşünmürdüm".
Əsgərimizin meyitini düşməndən almaq üçün iş görülməsi ilə bağlı Üzeyir Cəfərov dedi ki, müdafiə nazirliyi və güc strurkturları özlərini elə göstərməsin ki, nəsə edirlər:
"Elə şeylər var idi ki, onu çoxdan etmək lazım idi. Düzdür, 1 ay müddətində xeyli erməni əsgəri məhv edilib, ancaq məsələnin mahiyətini kökündən dəyişə biləcək addım zəif atılıb.
Dünən keçirilən monitorinqə heç bir ehtiyac yox idi. Biz niyə monitorinq keçiririk ki, düşmən tərəf bizim əsgərin meyitini 1 aydır ki, özündə saxlayır. Ermənilərin tələbi də ondan ibarətdir ki, Azərbaycan etiraf etməlidir ki, diversiya həyata keçirib. Azərbaycan ermənilərdən niyə çəkinməlidir? Azərbaycan beynəlxalq qurumlara açıq şəkildə təzyiq göstərməlidir. Beynəlxalq qurumlar da anlamalıdır ki, Azərbaycan şəhid əsgərinə sahib durmağı bacarır".