Xəbər verdiyimiz kimi, bu gün İsveçrənin Davos şəhərində sayca 47-ci Dünya İqtisadi Forumu başlayır. Azərbaycan prezidenti İlham Əliyev də forumda iştirak edir. BakiPost.az mövzunun aktuallığını nəzərə alaraq, "Azərbaycan bu forumdan nə gözləyir” sualı ilə sabiq deputat, iqtisadçı Nazim Bəydəmirliyə müraciət edib.
Ekspert bildirib ki, prezident İlham Əliyev ölkəmizdə yeni iş yerlərinin açılması ilə bağlı müxtəlif şirkət rəhbərləri ilə görüşlər və diskussiyalar keçirəcək.Onun sözlərinə görə, görüşlər əsasən qeyri neft sektoru ilə bağlı olan şirkətlərlərin rəhbərləri ilə olacaq: "Bu forum dünyanın aparıcı iqtisadi güclərinin bir platformada öz investisiya proqramlarını sərgiləməyə imkan verir. Həmçinin maliyyə sektorundan başqa, əsas texnoloji şirkətlərin nümayəndələrinə digər ölkələrin başçıları ilə görüşmə imkanı yarada bilən platformadır.
Azərbaycanın bu forumda iştirakını yüksək qiymətləndirirəm. Hər il cənab prezident İlham Əliyevin başçılığı ilə Azərbaycanın nümayəndə heyəti bu forumda iştirak edir. Əvvəlki təcrübələrdən, bu gün Azərbaycanın qarşısında duran çağırışlardan, prezidentin sonuncu dünyada gedən proseslərlə bağlı diqqətini nəzərə alaraq belə ehtimal etmək olar ki, daha çox qeyri neft sektoruna geniş yer ayrılacaq. Belə ki, daha çox belə şirkətlərlə Azərbaycanda iş yerlərinin açılması ilə bağlı müxtəlif diskussiyalar və ya görüşlər ola bilər.
Son günlərdə açıqlanan yol xəritələrinin işlənməsində Amerika şirkəti iştirak edib. Dünən İlham Əliyevin həmin şirkətin rəhbəri ilə görüşməsi də ona işarə edir ki, Azərbaycan ciddi islahatlar aparmaq niyyətindədir. Mən bu işdə hökumətə və dövlət başçısına uğurlar arzu edirəm”.
İqtisadçı bildirib ki, bu ilki forumda kasıb ölkələrə yardımların edilməsi məsələsi də gündəmdə olacaq: "Əslində dünyada gedən proseslər onu göstərir ki, dünyanın 8 ən böyük şirkətinin sahiblərinin məvacibləri dünya əhalisinin gəlirlərinin təqribən 50 faizindən çoxunun gəlirləri ilə bərabərlik təşkil edir. Burda söhbət Amerika şirkəti "Facebook” və digər bu tipli informasiya texnologiyaları sahəsində çalışan şirkətlərdən gedir.
Müxtəlif ictimai rəyə təsir edən biləcək qurumların onlara ünvanladığı Davos forumu ərəfəsindəki məktublar, gündəmə gətirdikləri məsələlər ondan ibarətdir ki, dünyada obyektiv səbəbdən aclıq, səfalət var. Dünya əhalisinin təqribən 50 faizinin gəlirləri 8 şirkət rəhbərinin gəlirləri ilə müqayisə edilir.
Düzdür, o şirkətlərin sahibləri Afrika daxil olmaqla, Avropa ölkələrinə müxtəlif yardımlar edirlər. Tibb və digər sahələrdə müasir texnologiyaların alınması üçün vəsaitlər verir. Amma qütbləşmə davam edir. Bu davam etdikcə dünyanın problemləri arta bilər. Bütün iqtisadi müharibələrin hamısı ondan qaynaqlanır.
Bu adamlara mesajlar verilir ki, daha çox kasıb ölkələrə diqqət etsinlər. İqtisadiyyatın dirçəlməsində kömək etsinlər. Forum çərçivəsində bu mesajlar olacaq”.
Nazim Bəydəmirli vurğulayıb ki, bu il əvvəlki illərdən fərqli olaraq yeni texnologiyaların inkişaf perspektivləri məsələsi forumda müzakirəyə çıxarılacaq: "Bu cür platformalarda 3 və ya 5 il bundan qabaq daha çox enerji daşıyıcıları aparıcı rol oynayırdı. Amma artıq bu forumlarda əsas olaraq yeni texnologiyaların inkişaf perspektivləri müzakirəyə çevrilib. Alternativ enerjinin artırılması, ekologiyanın qorunması ilə bağlı bütün hallar onu göstərir ki, bu forumda aktual olan mövzular ekoloji problemlər, informasiya texnologiyaları və iqtisadi qütbləşmənin qarşısını almaq üçün atılmalı olan addımlar olacaq.
Eyni zamanda Ukrayna məsələsi, Rusiyaya qarşı olan sanksiyalar bu forumun gündəmini zəbt edəcək.
Bu forumda Rusiyanın qonşulara qarşı apardığı təcavüzkar siyasəti ilə bağlı iqtisadi dünya güclərinin Rusiyaya qarşı olan reaksiyasını bir daha görəcəyik. Bu, gündəmdə olan əsas məsələlərdən biridir”.