Elmar Məmmədyarov türkiyəli həmkarına məktub göndərib

Elmar Məmmədyarov türkiyəli həmkarına məktub göndərib backend

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə həmkarı Mövlud Çavuşoğluna təbrik məktubu ünvanlayıb

Qaziler.az Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Elmar Məmmədyarov məktubda həmkarı Mövlud Çavuşoğlunu Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə səmimi qəlbdən təbrik edib.

Məktubda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri kədərimizdir” kəlamlarının dövlətlərimizin və xalqlarımızın əlaqələrinin ruhunu və sarsılmaz özülünü təşkil etdiyi qeyd olunaraq, ötən 25 illik dövr ərzində dövlətlərimiz və xalqlarımızın çiyin-çiyinə mürəkkəb və tarixi hadisələrlə zəngin uğurlu yol qət etdiyi vurğulanıb.

Elmar Məmmədyarov bu gün də Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla inkişaf etdirilən dövlətlərimiz arasındakı yüksək səviyyəli strateji müttəfiqlik əlaqələri, xalqlarımızın tarixi qardaşlıq münasibətləri, beynəlxalq və regional təşkilatlarda qarşılıqlı dəstək, transmilli layihələrin həyata keçirilməsi istiqamətində birgə səylərimizin xalqlarımızın rifahına, regionda sülhün, sabitliyin və tərəqqinin təmin olunmasına xidmət etdiyini bildirib.

Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələr 14 yanvar 1992-ci ildə qurulub.
Diaspora