Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan əsgərinin cəsədinin qaytarılmasına çağıran bəyanatı yayılıb.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin humanitar aspektlərindən narahatlıq ifadə olunub. Baş katib dekabrın 29-da baş vermiş hadisənin ölümlə nəticələnməsindən və Ermənistan silahlı qüvvələrinin həlak olmuş Azərbaycan əsgərinin cəsədini hələ də saxlamaqda davam etməsindən məlumatlı olduğunu bildirib.T.Yaqland tərəfləri atəşkəsə əməl etməyə çağırıb və ATƏT-in Minsk qrupunun 2010-cu il Həştərxan Sammitində əldə edilmiş razılaşmalara uyğun olaraq cəsədin təxirə salınmadan qaytarılması ilə bağlı tələbini tam dəstəklədiyini qeyd edib.