Yanvarın 1-dən etibarən ATƏT-ə sədrlik Avstriyaya keçdi. Qurumun yeni sədri Sebastyan Kurtsun sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı mövqe sərgiləyəcəyi gündəmin əsas mövzularından biridir.
Sədrin ötən ilin sonunda KİV-ə verdiyi müsahibəsində bununla bağlı bəzi açıqlamalar etmişdi. Avstriyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin sülh və barış tərəfdarı olduğunu bildirən sədr bu yöndə əsas açarın Minsk qrupu olduğunu deyib. Həmçinin münaqişə ərəfəsində sülhün bərqərar olması üçün həmsədrlər təşkilatının proseslərdə Avstriya tərəfindən hər zaman dəstəkləndiyi də vurğulanıb. 2013-cü ilin noyabrında Vyanada Dağlıq Qarabağla bağlı danışıqlar aparılarkən Azərbaycan və Avstriya prezidentləri arasında görüş baş tutub. Avstriyanın Minsk qrupunda həmsədrlik missiyası olmasa da müsahibədə dəstək şüarları yer almaqdadır. Yeni həmsədrin dilə gətirdiyi vədlərini nə dərəcədə yerinə yetirə biləcəyi müəyyən qədər sual doğurur. Çünki 2013-cü ildə Millət vəkili Qənirə Paşayevanın AŞ PA yaz sessiyasının plenar iclasında cənab Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cənab Kurtsa ünvanladığı suallara xarici işlər nazirinin cavabları konkret müstəviyə söykənməmişdi. Mediada qınanılan bu addım "Sebastyan Kurts Dağlıq Qarabağla bağlı suallara cavab verə bilmədi" başlığı ilə dərc olundu.Bəri başdan deyək ki, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts ATƏT-ə sədrliyin bu ölkəyə keçməsi ilə əlaqədar iki gün əvvəlki açıqlamasında maraqlı bir nüansı xüsusi qeyd edib. O deyib ki, həlli uzadılmış münaqişələrin nizamlanması Avstriyanın quruma sədrliyi dövründə üç başlıca prioritetdən biri olacaq. Üstəlik bu il ATƏT-in Minsk qrupunun tərkibində də müəyyən dəyişikliklər var. Belə ki, ABŞ və Fransanın Minsk qrupundakı həmsədrləri dəyişib və bu il Ceyms Uorliklə Pyer Andryönü yeni, həm də regionu daha yaxından tanıyan diplomatlar əvəz edəcəklər. Fransalı həmsədr Stefan Viskonti Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında həllində mühüm irəliləyişlərə nail olmaq üçün əlindən gələni əsirgəməyəcəyini vəd edib.
Ekspertlər isə 2017-ci ildə Avstriyanın Dağlıq Qarabağla bağlı fəallığının təxminən nədən ibarət olacağını belə proqnozlaşdırırlar. Birincisi, bu ölkənin xarici işlər naziri il ərzində həm Azərbaycana, həm də Ermənistana səfər edəcək. İkincisi, rəsmi Vyana il ərzində müxtəlif vaxtlarda Azərbaycan və Ermənistan prezidentlərini Avstriyaya rəsmi səfərə dəvət edəcək. Üçüncüsü, Avstriya Xarici İşlər Nazirliyinin Minsk qrupu həmsədrlərinin Vyanada müzakirələrini təşkil edəcək.
Adalet.az-a açıqlama verən "Atlas" araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, ATƏT-ə sədrlik Avstriyaya keçsə də, Dağlıq Qarabağ məsələsində hər hansı dəyişiklik olmayacaq: Onun sözlərinə görə, Avstriyanın sədrliyi dövründə də Dağlıq Qarabağ mövzusunda yenilik gözləməyə dəyməz:
"Avstriyanın xarici işlər naziri Sebastyan Kurts deyib ki, həlli uzadılmış münaqişələrin nizamlanması Avstriyanın bu il quruma sədrliyi dövründə üç başlıca prioritetdən biri olacaq.
2017-ci ildə Avstriyanın Dağlıq Qarabağla bağlı fəallığının təxminən nədən ibarət olacağını proqnozlaşdırmaq mümkündür. Öncə bu ölkənin xarici işlər naziri il ərzində həm Azərbaycana, həm də Ermənistana səfər edəcək.
Digər tərəfdən rəsmi Vyana il ərzində müxtəlif vaxtlarda Azərbaycan və Ermənistan prezidentlərini Avstriyaya rəsmi səfərə dəvət edəcək. Həmçinin Avstriya XİN Minsk Qrupu həmsdələrinin Vyanada müzakirələrini təşkil edəcək. Bununla da iş bitəcək.
Elxan Şahinoğlu bildirib ki, bu addımların heç biri münaqişənin həllini zərrə qədər yaxınlaşdırmayacaq: "O biri ATƏT sədrləri necə idisə, bu da elə olacaq".
Siyasi müşahidəçilərin fikrincə, Avstriyanın atacağı bu addımlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini sürətləndirmək üçün yetərli sayılmır. Yəni bundan əvvəlki illərdə ATƏT-ə sədrlik edən ölkələr münaqişənin həlli istiqamətində hansı işləri görübsə, Avstriya da həmin prosesi davam etdirəcək. Politoloq Elxan Şahinoğlu 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi bir yenilik gözləmir: "Çünki 2016-cı ilin aprelində cəbhə xəttində baş verən hərbi toqquşmalar zamanı böyük dövlətlərin Ermənistan hakimiyyətinə təzyiqi ola bilərdi. Bu, baş vermədi və danışıqlarda da irəliləyiş yoxdur. 2017-ci ildə vəziyyətin yenə də mürəkkəb olaraq qalacağını düşünürəm. Yəni ATƏT-ə sədrliyin Avstriyaya keçməsi ilə Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa sensasiya gözləməyə dəyməz. O biri ATƏT sədrləri necə idisə, bu da elə olacaq".
Bununla belə, siyasi müşahidəçilərin ATƏT-ə sədrliyin Avstriyaya keçməsindən müəyyən gözləntiləri də var. Xüsusilə ötən ilin aprelində cəhbə xəttində baş verən toqquşmalardan sonra Azərbaycan və Ermənistan prezidentlərinin ilk görüşünün Vyanada baş tutması Avstriyanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişə nail olmaq imkanlarını bir qədər artırmış olur. Çünki ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin birbaşa təşəbbüsü və dəstəyi ilə keçirilən Vyana görüşündə münaqişənin həlli üçün baza prinsipləri geniş müzakirə olunaraq bir daha razılaşdırılıb. Bu isə o deməkdir ki, Avstriya hökuməti Dağlıq Qarabağ münaqişəsinin əsas mahiyyətindən və danışıqlar prosesinin hansı mərhələ olmasından xəbərdardır. Belə olan halda Avstriya ATƏT-ə sədrlik edən ölkə kimi münaqişə tərəfləri arasında dialoqa nail olmaq, işğalçı Ermənistanı öz qoşunlarını zəbt olunmuş Azərbaycan torpaqlarından geri çəkməyə məcbur etmək üçün qəti addımlar ata bilər. Başqa sözlə, ATƏT-ə sədrliyin Avstriyaya keçməsi ötən ilin aprelindən sonra Vyanada keçirilən müzakirələrin daha intensiv şəkildə davam etdirilməsinə inam yaradıb.
Politoloq Zərdüşt Əlizadə isə Sebastyan Kurtsun sədr seçilməsini sadəcə mərasim adlandırıb. O bildirib ki, Avsriyanın və ATƏT kimi təşkilatların əlində heç bir imkan yoxdur ki, münaqişəni həll etsin: "Bu bir mərasimdir. Mərasimə görə hər 6 aydan bir ATƏT-in sədri olacaq ölkənin xarici işlər nazirləri öz ölkəsinin ATƏT sədrliyi dövründə problemlər üçün bütün səylərini səfərbər edəcəklərini bəyan edir. Həllini gözləyən münaqişələr içərisində Dağlıq Qarabağ problemi də var. Gəlin etiraf edək ki, ATƏT sədri olan dövlətin xarici işlər nazirinin, həmin dövlətin və ATƏT kimi təşkilatların əlində heç bir imkan yoxdur ki, münaqişəni həll etsin.
Hamıya bəllidir ki, Dağlıq Qarabağ müşkülü böyük dövlətlərin, Fransa, Rusiya və ABŞ-ın nəzarətindədir. Ona görə də, İsveç, Macarıstan, Avstriya, Almaniya Dağlıq Qarabağ probleminin həlli üçün ciddi nə isə edə bilməzlər. Dağlıq Qarabağ münaqişəsini Rusiya həll edə bilər. Bu məsələdə bir qədər ABŞ-ın və Fransanın rolu ola bilər. Əsas işi isə Ermənistan və Azərbaycanın dövlət başçıları görə bilərlər. Onlar isə Moskvadan asılıdırlar. Ona görə də heç nə edə bilməzlər. Bu cür mərasim, ayin tipli bəyanatlara fikir vermək lazım deyil".
Qeyd edək ki, bundan əvvəl ATƏT-ə Almaniya sədrlik edirdi. Sədr dəyişikliyi rotasiya sistemi əsasında hər il baş verir.
Rüfət Soltan
Adalet.az