İsveç BMT-nin Təhlükəsizlik Şurasına sədrliyə başlayır

İsveç BMT-nin Təhlükəsizlik Şurasına sədrliyə başlayır backend

İsveç Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayır. Xarici işlər naziri Marqot Valström “Dagens Nyheter” qəzetinə müsahibəsində Təhlükəsizlik Şurasına sədrlik dövründə İsveçin əsas diqqət yönəldəcəyi üç sahəni qeyd edib.

O deyib ki, İsveç BMT-nin yeni baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurası arasında daha konstruktiv əlaqələrin qurulmasını istəyir. Həmçinin rəsmi Stokholm münaqişələrin qarşısının alınmasında, sülh quruculuğunda BMT-nin fəaliyyətinin yaxşılaşdırılmasına səylər göstərəcək. Nazir sülhyaratma prosesində qadınların fəal iştirakını da dünyada təhlükəsizliyi təmin etmək üçün strateji yol kimi qeyd edib.

Bundan əlavə, İsveç Təhlükəsizlik Şurasının fəaliyyətinin təkmilləşdirilməsinə kömək etmək və Şuranın işinin daha qətiyyətli, şəffaf qurulmasına töhfə vermək istəyir. Marqot Valström bildirib ki, İsveç söhbət Suriyadakı kimi kütləvi qırğın vəziyyətlərindən getdikdə, Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququnun istifadəsinin azaldılmasına nail olmaq istəyir.

Qeyd edək ki, İsveç rəsmi fəaliyyət proqramını BMT Təhlükəsizlik Şurasının yanvarın 3-də keçiriləcək sessiyasında təqdim edəcək. Təhlükəsizlik Şurasının on qeyri-daimi üzvündən biri olan İsveç Şuranın beş daimi üzvü – Çin, Fransa, Böyük Britaniya, Rusiya və ABŞ ilə birlikdə işləyəcək.
Diaspora