“İran Azərbaycanda terrora rəvac verə bilər”- sabiq MTN polkovnikindən şok açıqlama

“İran Azərbaycanda terrora rəvac verə bilər”- sabiq MTN polkovnikindən şok açıqlama backend

İlham İsmayıl: “Azərbaycan üçün faciəvi sonluqla nəticələnə bilər” Bəxtiyar Sadıqov: “Əmirəhmədianın açıqlaması ölkəmizə qarşı hədədir” Tehranlı professor Bəhram Əmirəhmədian Ermənistan mətbuatına verdiyi açıqlama Azərbaycanda təlaşla qarşılanıb. Həsən Ruhaninin Ermənistana səfəri ilə son bir həftədə gərginləşən Azərbaycan-İran münasibətlərinin fonunda professorun təhdid dolu fikirləri ölkəmizdə ciddi narahatlıqla qarşılanıb.

Tehranlı professor Bəhram Əmirəhmədian Ermənistan mətbuatına verdiyi açıqlama Azərbaycanda təlaşla qarşılanıb. Həsən Ruhaninin Ermənistana səfəri ilə son bir həftədə gərginləşən Azərbaycan-İran münasibətlərinin fonunda professorun təhdid dolu fikirləri ölkəmizdə ciddi narahatlıqla qarşılanıb.

B.Əmirəhmədian açıq şəkildə İranın Azərbaycanın şiə əhalisindən dövlət əleyhinə istifadə edə biləcəyinin anonsunu verib: “İsraillə yaxınlaşmasına görə, İran Azərbaycana asanlıqla cavab verə bilər, ancaq cavab vermir, çünki buna ciddi yanaşmır. İran Azərbaycanın şiə əhalisini bu ölkənin hökumətinə qarşı istifadə edə bilsə də, heç vaxt o potensialdan istifadə etməyib”.

Bu açıqlamada göründüyü kimi, təhdiddən daha çox təhlükə elementləri görünür. Ekspertlər professorun sözlərinin ardından Azərbaycan hökumətini hədəfə alan açıqlamalar verirlər. Rəsmi səviyyədə münasibət bildirilməsə də, bunun olacağı da istisna deyil.
Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl professorun dediklərinin kifayət qədər ciddi olduğunu düşünür: “Azərbaycan müstəqillik əldə edəndən sonra dilə gətirilməsə də, bu, İran tərəfindən daim yürüdülən siyasətidir.

İran Azərbaycanın müstəqilliyini hələ də sinirə bilmir, sadəcə olaraq məcbur olub. Bunun səbəblərindən biri də odur ki, Azərbaycan daim İranla bu günə qədər ehtiyatlı siyasət aparıb. Bu siyasətin nəticədir ki, İran hər zaman müxtəlif adamların adları ilə belə saymazyana açıqlamalar verir. İran saymazyana şəkildə Azərbaycanın müstəqilliyinə xor baxdığını nümayiş etdirib. Bu dövlətin təsiri ilə İsraildə Azərbaycan səfirliyini aça bilmir. Bunun müxtəlif səbəbləri var. Bu diplomatiyamızın İranla bağlı zəif siyasətinin nəticəsidir. İran fikirləşsin ki, şiə əhalisindən istifadə edə bilər, bəli edə bilər.

Amma bütövlükdə bu mümkün deyil. Çünki şiənin biri də mənəm. Azərbaycan üçün təhlükə isə gerçək inanclı kəsim deyil, dini radikal cərəyanlardır. Onların maliyyə və ideoloji mənbələri xaricdəndir, İran və Səudiyyə Ərəbistandan. Bunları Azərbaycanda qarşı-qarşıya gətiorməyə çalışılır. Azərbaycan əhalisinin sünni-şiə problemi yoxdur. Amma istənilən vaxt onlara uyub, bu işləri görə biləcək səviyyədə İranın potensialı var. İran terrorizmi dəstəkləyən bir ölkədir. Ona görə də İran Azərbaycanda terrora rəvac verə bilər. Ölkəmiz istər təhlükəsizlik, istərsə də, diplomatiyasında çox ciddi işlər görməlidir və İranla istər qapalı qapılar arxasında, istərsə də, açıq şəkildə bu dövlətlə açıq danışmaq lazımdır. Bunun üçün də ciddi müttəfiqlərimiz olmalıdır. Elə müttəfiqlər olmalıdır ki, İranın qarşısında dayana bilsinlər. İsrail, Amerika, Qərb və Avropa kimi ölkələr dayanmasa, Rusiyaya ümidimizi bağlasaq, Türkiyədən heç ümid gözləmirik, bütün bunlar Azərbaycan üçün faciəvi sonluqla nəticələnə bilər. Biz seçimimizi etməmişik, bunu etməliyik. Çox təəssüflər olsun ki, bunu indiyə qədər etməmişik. Ona görə də İranın istər professoru, istər siyasətçisi istər qapalı, istərsə də, açıq qapılar arxasında bizi təhdid ediblər”.

Təhlükəsizlik eksperti bu açıqlamanı İran dövlətinin mövqeyi kimi qəbul etməyin mümkün olduğunu da vurğuladı: “Bunu birbaşa belə qəbul etmək lazımdır. Bəzi sözlər var ki, onu rəsmilər yox, sözçülər deyir. Rusiya siyasətində saytlar, partiyalar, şəxslər var ki, onların dilləri ilə fikirlərini deyirlər. Bütün sözlər Putinin dilindən səslənmir. Əgər İrəvanda Dövlət Dumasının deputatı Konstantin Zatulin deyirsə ki, Dağlıq Qarabağ Azərbaycanın heç vaxt tərkibində olmayacaq, bu Rusiyanın mövqeyidir. Azərbaycanın Xarici İşlər Nazirliyinin ona cavabı olduqca gülməlidir. Deyirlər ki, Rusiya ilə münasibətlərimizin yaxşı olmasını gözləri götürmür. İran professorun bu açıqlamasını iki istiqamətdə cavablandırmaq olar. Birincisi odur ki, İranın dediyi ilə oturub durasan. Bir də o ola bilər ki, İranın mövqeyini biləsən və əks tədbirlər görəsən. Mən istərdim ki, ikinci variantı qəbul edək”.

YAP-çı deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirdi ki, Azərbaycanı İranla bağlayan qədim köklər var: “Bu köklərdə həm qədim mədəniyyət, həm də dini amillər var. Eyni zamanda, dinimiz eynidir. Biz daim İrana qarşı xoş münasibət bəsləmişik. Hər zaman çalışmışıq ki, qarışıqlı əməkdaşlıq, bir-birinə kömək olsun. Amma müstəqil siyasətin bir xüsusiyyəti var, bir-birinin daxili işlərinə qarışmamaq. Görünür, iranlı professorun elmi biliyi çox olsa da, siyasi sahədə bilik sarıdan onun problemi var. Onun bu açıqlaması birbaşa Azərbaycanın daxili işlərinə müdaxilə və ölkəmizə qarşı hədədir.

İnanmıram ki, bu İran dövlətinin mövqeyidir. Çünki bizim prezidentlə cənab Ruhaninin görüşü oldu. Ruhani Azərbaycana gəlmişdi, yeni istiqamət üzrə əməkdaşlıq müqaviləsi imzalandı. Hər zaman çalışmışıq ki, qonşularla mehriban münasibətlərdə, əməldaşlıqda olaq. İranın rəhbərliyi Azərbaycan prezidenti ilə daim xoş münasibətdə olub. Ölkəmizə qarşı səriştəsiz, hədələyici tonda adi bir elm adamının bu danışığı məni təəccübləndirmir, ancaq təəssüfləndirir. Əgər o professor şiədirsə, onun bir milyon şiə qardaşını qaçqın salan, müxtəlif yerlərdə soyqırıma uğradan kafirlərin zülmündən qurtarmaq istiqamətində fəaliyyət göstərsin. Öz hədələrini Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistana yönəltsin. O zaman ona alim kimi hörmətlə yanaşaram, deyərəm ki, dinin uğrunda düzgün yoldasan. Dövlət vəzifəsində təmsil olunmadığına, İran siyasətinə aid olmadığına görə onun fikirlərini qeyri-ciddi sayıram.

Azərbaycanın İsraillə münasibətləri üçüncü dövlətə qarşı heç vaxt yönəlməyib. Dövlətimiz öz ərazisindən üçüncü dövlətə qarşı təzyiq edilməsinə heç vaxt imkan verməyib. Dəfələrlə belə təşəbbüslər olub. İran Ermənistanla necə siyasət qurursa, yaxud onlara necə yardım edirsə, bu onun daxili işidir. Azərbaycan dövləti buna müdaxilə də etmir. Hər bir müsəlman alim, siyasətçi çalışmalıdır ki, islam dövlətləri arasında birlik olsun, bir-birilərinə kömək etsinlər. Onlar qarşıdurmaya getməyə çalışmamalı, dövlətin xəbəri olmadan dövlət adından digər müsəlman ölkəsini hədələmək fikrinə düşməməlidirlər. Mən ancaq professorun dediklərinə təəssüflənirəm”.
Diaspora