Britaniya parlamentində azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsi qaldırılıb

Britaniya parlamentində azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsi qaldırılıb backend

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanı olan bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün problemi Böyük Britaniya Parlamentinin Milad bayramından öncəki son iclasında qaldırılıb.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən məlumata görə, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, Mühafizəkarlar Partiyasının üzvü, millət vəkili Bob Bləkman Milad tətilindən öncə parlament müzakirələrində çıxış edib.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi artıq uzun müddətdir davam edir. Bu unudulmuş münaqişədir və təəssüf ki, Ermənistan, Rusiya və onların müttəfiqlərinin mövqeyi ümumi duruma elə də kömək etməyib. Bu il Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri o insanlar üçün salınmış düşərgələrdən birinə səfər ediblər. Onlar günahkar olmadıqları halda çox əziyyət çəkirlər. Vacibdir ki, dünyanın həmin bölgəsində insan hüquqları və ümumbəşəri dəyərlər bərpa olunsun”.

Bu bəyanat Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun bu ilin iyul ayında Azərbaycana baş tutan səfərinin nəticəsi olaraq verilib. Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə baş tutan səfərdə müxtəlif partiyaların təmsilçilərindən ibarət nümayəndə heyətinə B. Bləkman rəhbərlik edib. Onların arasında qrupun sədr müavinləri Mark Menzies, Baronessa Manzur, Lord Kilkluni və qrupun katibi Rocer Qodstif də olub. Bu yaxınlarda məşhur alman fotoqrafı Filip Ratmerin Londonun “Old Truman Brewery” qalereyasında, azərbaycanlı məcburi köçkünlərin portretlərindən ibarət “Evə aparan beş yol” adlı baş tutan sərgisinin açılışında Dostluq Qrupunun səkkiz üzvü iştirak edib.
Diaspora