Deputat: Azərbaycan-İsrail əməkdaşlığı regionda sülhə xidmət edir

Deputat: Azərbaycan-İsrail əməkdaşlığı regionda sülhə xidmət edir backend

“Azərbaycan müstəqil dövlətdir, öz müstəqil siyasətini qurur, sülh siyasəti yürüdür. Bu baxımdan Azərbaycan-İsrail münasibətləri bütövlükdə regionda sülhün bərqərar olmasına xidmət edən amildir”.

Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Bəxtiyar Əliyev deyib.

B.Əliyev vurğulayıb ki, Azərbaycanın İsrail ilə əməkdaşlığı bölgədə inkişafa, sülhə və əmin-amanlığa xidmət edir:

“Bu əməkdaşlıq qətiyyən üçüncü ölkələrə qarşı yönəlməyib. Əksinə, onlarla da qarşılıqlı əməkdaşlığa və iqtisadi inkişafa xidmət edən münasibətlər var. Azərbaycan-İsrail münasibətləri bundan sonra da yüksələn xətlə davam edəcək”.

İranda bir sıra siyasətçilərin İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərindən narahatlıq ifadə etməsinə gəlincə, deputat vurğulayıb ki, ola bilsin, İranda Azərbaycan-İran münasibətlərindən qıcıqlanan bəzi qüvvələr var: “İran Azərbaycana dost ölkədir, ikitərəfli münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir. İranda bəzi qüvvələr Benyamin Netanyahunun Azərbaycana səfəri ilə bağlı qıcıqlandırıcı bəyanatlar səsləndirməklə Azərbaycan-İran münasibətlərini korlamaq istəyirlər”.
Diaspora