“Rusiya səfirinin qətlində müəmmalar çoxdur“ — keçmiş MTN polkovniki

“Rusiya səfirinin qətlində müəmmalar çoxdur“ — keçmiş MTN polkovniki backend

Türkiyədə rusiyalı səfirin öldürülməsi və qatilin də məhv edilməsi ciddi müzakirə mövzusuna çevrilib

Səfirin öldürülməsi Türkiyə xüsusi ximət orqanlarının səriştəsizliyi kimi dəyərləndirilir. Qatil səfirə atəş açır, onu yerə sərir, sonra isə mesajlarını çatdırır. Bu şəxs sağ ələ keçirilməkdənsə, yerindəcə öldürülür.

Məsələ ilə əlaqədar Türkiyə mətbuatı və siyasi partiyalar hökumətə konkret suallar ünvanlayırlar.

Baş verən hadisəylə əlaqədar keçmiş MTN polkovniki İlham İsmayıl Ölkə.Az-a münasibət bildirib:

"Türkiyə xüsusi xidmət orqanlarının, xüsusilə də MİT-in terrorizmlə mübarizə məsələsində kifayət dərəcədə təcrübəsi var. Neçə illərdir MİT terrorizmə qarşı mübarizə aparır. Dünyanın ən böyük ölkələrində, təhlükəsizlik orqanlarının güclü olduğu yerlərdə də terror hadisələri baş verir.

Diplomatik şəxslərin, səfirlərin mühafizəsi məsələsinə gəldikdə isə belə kritik dövrdə mümkün idi ki, səfirin gücləndirilmiş mühafizəsi təşkil olunsun. Çünki Suriya ilə bağlı beynəlxalq vəziyyət də çox gərgindir.

Məsələyə aid haqlı suallar yaranır və bu sualları təkcə siz vermirsiniz. Türkiyənin ana müxalifəti səfirin niyə öldürülməsi ilə bağlı konkret sual verdi. Qatilin sağ ələ keçirilməsi mühafizə əməkdaşlarının ağlına o kritik vəziyyətdə gələ bilməzdi. Əgər mühafizə əməkdaşları peşəkar olsaydılar, qatili diri tutub dindirmək barədə düşünərdilər. O an ya polis, ya da mühafizəçi qatilin atəş açdığını görüb salondakı digər qonaqların da xəsarət almaması üçün atəşlə cavab verib. Müəyyən nəticələr barədə danışmaq üçün hələ tezdir. Türk xüsusi xidmət orqanları və rusiyalı heyətin birgə apardığı təhqiqatın nəticəsində müəyyən faktlar üzə çıxacaq. Şəxsən mənim üçün də yaranan ilk sual bu oldu ki, onu niyə öldürdülər? Qatil salondan sağ çıxmayacağını bilirdi, amma özünü də öldürmək fikrində deyildi.

Səfirin təhlükəsizlik məsələsinə gəldikdə isə keçmiş kəşfiyyatçı bildirdi ki, diplomat nümayişkəranə şəkildə bəyan etmişdi ki, xüsusi mühafizə olunmağa ehtiyac duymuram.

Sizin verdiyiniz suallar Türkiyə mətbuatını, cəmiyyətini düşündürən suallardır. Bunların isə birmənalı olaraq cavabı hələ yoxdur. Hələki, sui-qəsdin kimlər tərəfindən təşkil edildiyini söyləmək mümkün deyil.

Şəxsən mənim qənaətimə görə, bu iş planlı terror aktından daha çox, sözün əsl mənasında bir şəxsin depressiv stresslərinin nəticəsidir. Ancaq onun niyə depressiyaya düşməsi, 2 ay əvvəl işdən çıxarılması tamamilə başqa mövzulardır.

Çoxsaylı versiyalar var. Nəticə əldə etmək üçün bu versiyaların hamısı işlənməlidir. 22 yaş elə də çox deyil. Qanın qaynayan vaxtıdır. O şəxs təsir altına da düşə bilər, özünün təşəbbüsü də ola bilər".
Diaspora