Bütün dünya Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlə yetirilməsinin arxasında hansı qüvvələrin dayanması, prosesin nəyə hesablanması sualına cavab axtarır.
Bundan sonra Türkiyəni hansı sürprizlərin gözləyəcəyi, Ərdoğanın atacağı addımlar barədə müxtəlif fikirlər irəli sürülür. Əsas məsələlərdən biri də, baş verən sui-qəsddən sonra Türkiyə-Rusiya münasibətlərində hansı dəyişikliklərin baş verməsidir. Hələlik rəsmi Moskva soyuqqanlı münasibət sərgiləsə də, Ərdoğana dəstək çağırışları edilsə də, proseslərin bu məcrada davam etməyəcəyini proqnozlaşdıranlar da az deyil. Baş verən dəhşətli hadisənin arxasında hansı qüvvələrin dayanmasından asılı olmayaraq, dünya dövlətləri arasında münasibətlərin kəskin dərəcədə pisləşəcəyi, Putinin bu sui-qəsddən qərbə qarşı silah kimi istifadə edəcəyi, hətta üçüncü dünya müharibəsinin başlanacağı proqnozlaşdırırlır. Yəqin elə buna görə də, artıq qərbyönümlü mətbuat hadisədə Rusiyanın öz əlinin olması barədə informasiyalar sızdırmağa başlayıb. Bu arada Putinin qətl baş verən gecə harada olmasına da, tamaşaya getməsinə də diqqət çəkilib.Prezidentin məhz səfirin öldürüldüyü gecə vaxtilə Rusiyanın İranda qətlə yetirilən səfiri Aleksandr Qriboyedovun tamaşasına dəvət edilməsini müdhiş təsadüf sayanlar da var, mesaj kimi dəyərləndirənlər də.
Bəs bu olaylar arasında bir əlaqə ola bilərmi?
Məsələ ilə bağlı BakiPost.az-a danışan keçmiş MTN əməkdaşı, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bu versiyalara inanmadığını deyib: "Aleksandr Qriboyedov 200 il əvvəl öldürülüb. İnanmıram ki, hansısa bağlılıq olsun. Türkiyədəki dindarlar, Gülən tərəfdarları özlərinə qarşı hücumlara hansısa formada cavab verilməliydi. Düzdür, bu məsələni Hələbdə baş verənlərlə bağlamağa çalışırlar da az deyil, amma burada Hələblik də bir şey yoxdur. Çünki Hələbdə dava az qala 2-3 ildən çoxdur ki, davam edir. Orada onsuz da uşaq da, böyük də qətlə yetirilirdi. Məsələnin arxasında hansı qüvvələrin dayanmasından asılı olmayaraq, hədəf aydındı. Bu hadisə Türkiyə-Rusiya münasibətlərini gərginləşdirməkdən başqa bir şeyə xidmət eləmir”.
İlham İsmayıl hesab edir ki, Türkiyəni sevməyənlər bu məsələdən faydalanacaqlar: "Düzdür, rəsmi Moskva məsələyə bir az soyuqqanlı yanaşdılar, amma Rusiyanın bəzi siyasilərinin, KİV-lərinin bu məsələyə soyuqqanlı yanaşacaqlarına inanmıram. Çünki Türkiyənin kifayət qədər düşmənləri var. Həmin o Türkiyə düşmənləri televiziyalarda, KİV-lərdə bir müddət Türkiyəni hədəf alacaq. Bu isə acınacaqlı bir vəziyyətə gətirib çıxara bilər”.