Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qaziler.az bildirir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə E.Məmmədyarov Azərbaycan və Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini, iki ölkənin regional məsələlər üzrə baxışlarının üst-üstə düşdüyünü bildirib. Həmçinin iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlığın mövcudluğunu və əhəmiyyətini diqqətə çatdırıb.Ölkəmizə ilk səfərindən məmnunluğunu ifadə edən L.İzoria Azərbaycan Prezidenti İlham Əliyev ilə çox maraqlı və faydalı görüş keçirdiyini bildirib. Strateji tərəfdaşlıq və dostluğumuzun regionun sabitliyi üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən nazir iki ölkə arasında müdafiə sahəsində çox geniş əlaqələrin və hərtərəfli fəaliyyət proqramının mövcudluğunu vurğulayıb.
Nazir həmçinin Azərbaycan, Gürcüstan və Türkiyənin üçtərəfli əsasda hərbi sahədə əməkdaşlığına toxunaraq, bu formatda nazirlər səviyyəsində tezliklə 5-ci görüşün keçiriləcəyini diqqətə çatdırıb.
Görüşdə nazirlər dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına ciddi riayət olunmasının zəruriliyini qeyd ediblər. Həmçinin, tərəflər Azərbaycan və Gürcüstanın qarşılıqlı olaraq bir-birilərinin ərazi bütövlüyü və suverenliyini dəstəkləməsini və hər iki ölkənin üzləşdiyi münaqişələrin məhz bu prinsiplər əsasında həll edilməsininə dair mövqelərini yükəsk qiymətləndiriblər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.