Aİ ölkələrinin təmsil olunduğu Aİ Şurası və Avropa Parlamenti Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinə dair siyasi razılaşmaya nail olublar. Bundan sonra qərar, formal olaraq, Aİ Şurası tərəfindən təsdiqlənməlidir.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Slovakiyanın sədrlik etdiyi Aİ Şurasının rəhbərliyindən bildirilib.
“Gürcüstan sakinləri yaxşı xəbərlər var: Aİ Şurası və Avropa Parlamenti arasında Gürcüstan üçün viza rejiminin liberallaşdırılmasına dair razılıq əldə olunub. Növbəti addım Aİ Şurasında atılacaq”, - deyə Aİ Şurasının rəhbərliyindən bildirilib.
Bundan əvvəl Aİ Şurası, Avroparlament və Avrokomissiya arasında üçüncü ölkələr üçün viza rejiminin dayandırılması mexanizminə dair ilkin razılaşma əldə olunub. Aİ-nin müvafiq qərarı Avroparlament tərəfindən dəstəklənməli, daha sonra Aİ Şurası tərəfindən rəsmi qaydada təsdiqlənməlidir.
Səsvermənin dekabrın 15-də Strasburqda Avroparlamentin plenar sessiyasında səsverməyə çıxarılacağı gözlənilir.