"Əlaqələrimiz mövzusunda nadir olan xüsusiyyət başqa bir şeydir. İsrail bir yəhudi dövlətidir. Azərbaycan müsəlman ölkəsidir və əhalisinin əksəriyyəti müsəlmandır.
Burada hər iki ölkənin daha parlaq gələcəyini təmin etmək üçün yəhudilərlə müsəlmanların birgə işləməsinin şahidi oluruq. Bu, indiki dövrdə tolerantlığın, qarşılıqlı hörmətin olmaması fonunda çox parlaq bir nümunədir. ""Report" xəbər verir ki, bu sözləri İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu dekabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatlarla çıxış edərkən deyib.
"İllər boyunca Azərbaycanda yəhudilərə qarşı göstərmiş olduğunuz qarşılıqlı hörmət, gözəl yanaşma bu əlaqələri, Azərbaycana olan rəğbətimizi və heyranlığımızı daha da gücləndirir" - İsrailin baş naziri söyləyib.
B.Netenyahu İsraildə Azərbaycandan olan 70 min yəhudi, “insan körpüsü” yaşadığını, Azərbaycanda müsəlmanlar ilə yəhudilərin arasında əlaqələrin necə ola biləcəyinin, necə qurulmasının bir nümunəsi olduğunu söyləyib: "Cənab Prezident, Sizinlə təkbətək görüş vaxtı ifadə etdiyim kimi, deməliyəm ki, müsəlman dünyasının bir çox hissəsində, xüsusi olaraq ərəb ölkələrində müşahidə etdiyimiz bir dəyişiklik var. Əgər gələcəyin necə ola biləcəyini görmək istəyirlərsə, Azərbaycana gəlib İsrail ilə Azərbaycan arasındakı dostluq və tərəfdaşlığı görə bilərlər. Bu, sadəcə hər iki ölkə və xalq üçün yaxşı əlaqələrlə bərabər, həm də bütün region və dünya üçün faydalıdır".
İsrailin baş naziri Azərbaycan Prezidentini İsrailə səfərə dəvət edib.