Aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astara rayonuna səfərini başa çatdıraraq Lənkəran şəhərinə gəlib. AzərTAc-a istinadən xəbərinə görə, dövlət başçısı şəhərin mərkəzindəki Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoydu.
Şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov Heydər Əliyev Xatirə Parkında aparılan abadlıq işləri barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, burada sakinlər və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb.Sonra prezident Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində aparılan yenidənqurma və bərpa işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, hazırda Xan evi kimi tanınan bu nadir bina Lənkəran xanı Mirəhməd xan tərəfindən həyat yoldaşı Tuğra xanımın şərəfinə 1912-1913-cü illərdə inşa edilib. Bina fransız memarları tərəfindən layihələndirilib və tikinti işləri onların rəhbərliyi ilə aparılıb. Binanı xarici və yerli ustalar inşa ediblər. Tikinti materialları isə Bakıdan gəmi ilə daşınıb. Xan evinin tikintisində Şərq və Qərb memarlıq üslubundan istifadə edilib, kərpic və ağ daş materiallarına üstünlük verilib. Üçmərtəbəli bina 12 otaqdan ibarətdir. Sahəsi 812 kvadratmetr olan Xan evi 1913-cü ildə Lənkəranda ilk dəfə xüsusi elektrik qurğusu quraşdırılmaqla elektrik enerjisi ilə təmin edilib. 1978-ci ildən Xan evi Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyətə başlayıb. Uzun illər təmir edilmədən fəaliyyət göstərən muzey binası tədricən aşınıb, dam örtüyü sıradan çıxıb, mərtəbələrarası örtüklər, döşəmələr, qapılar, pəncərələr keyfiyyətini itirərək yararsız vəziyyətə düşüb.
Tarixi binanın əsaslı təmirinə 2013-cü ilin sentyabrından başlanılıb. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti tərəfindən inşaat işləri yüksək səviyyədə aparılıb və bu ilin aprel ayında başa çatdırılıb.