“Son vaxtlar erməni diasporu Ukraynada çox aktivləşib və bu, bizim üçün bir siqnaldır”.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bunu Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu gün Kiyevdə “Ukraynada Azərbaycan diasporunun lobbiçilik fəaliyyətinin önəmi və iş adamlarının diaspora inteqrasiyası” mövzusunda keçirilən Ümumukrayna Azərbaycanlılarının IV Forumunda bildirib.Ermənilərin Ukrayna ictimai-siyasi həyatında son vaxtlar aktiv olduğunu deyən səfir bildirib ki, onda olan məlumata görə, erməni diasporu artıq Ukraynada Azərbaycan diasporunun əvvəlki kimi güclü olmaması, pərakəndə olması barədə təbliğat aparır: “Ermənilərin azərbaycanlılardan aktiv olması bizim üçün bir siqnal olmalıdır. Azərbaycan diasporunun əvvəlki kimi güclü olmaması, dağınıq olması təbliğatı bizi narahat etməlidir və nəhayət birlik əldə olunmalıdır. Biz səfirlik olaraq bu yöndə istənilən dəstəyi verməyə hazırıq”.
Səfir, həmçinin çıxışında Ukraynada Azərbaycan diasporunun vahid təşkilatda birləşməsini təklif edib.
Səfir Azər Xudiyev qeyd edib ki, Ukraynada təşkilatların ayrı-ayrılıqda, pərakəndə fəaliyyət göstərməsindənsə birlikdə, vahid təşkilatda fəaliyyət göstərmək istər Ukraynada Azərbaycan lobbisinin qüvvətlənməsi, istərsə də problemləri aradan qaldırmaq baxımından zəruridir.
Səfir forumun təşkilatçısı olan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadova və təşkilatın İdarə Heyətinə təklif edib ki, bununla bağlı təşəbbüs qrupu yaratsınlar, qısa vaxt ərzində qərar versinlər: “Bizə də maraqlıdır ki, Ukraynadakı azərbaycanlılar pərakəndə halda olmasınlar, vahid təşkilatda cəmləşsinlər. Forumda çoxsaylı azərbaycanlı ziyalıları görürəm, ümid edirəm ki, onların bizim təşəbbüsə maraqlı töhfələri olacaq”.
Qeyd edək ki, forum Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu tərəfindən təşkil olunub və tədbirə ölkə üzrə fəaliyyət göstərən Azərbaycan təşkilatları qatılıb. Forumun işi onlayn yayımlanır.