Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, səfirlik və konsulluqların say tərkibinə yenidən baxılmalıdır. Deputat Avropa ölkələrinin təcrübəsini əsas gətirərək hər il səfirliklərin sayının artırılmasına yox, daha çox diplomatik əlaqələrdə keyfiyyətə önəm verilməli olduğunu qeyd edib: "Səfirliklərin səviyyəsi müəyyən olunur, hər hansı ölkədə səfirliyin açılması zərurəti ortaya çıxırsa, bütün səfirliklərin fəaliyyəti təhlil edilir. Ən yüksək təhlillərdən sonra səmərəsiz, fəaliyyəti olmayan səfirlik bağlanır, başqa ölkədə açılır. Amma səfirliklərin sayı artırılmır".
Politoloq Qabil Hüseynli bildirib ki, səfirliklərin bağlanmasından çox, onların işinin optimallaşdırılması müzakirə olunmalıdır: "Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, mövcud şəraitə uyğun olaraq xaricdəki diplomatik nümayəndəliklərin işinin və kadr təminatının optimallaşdırılması və fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində tədbirlər görülür. Struktur optimallaşdırılması həm də strukturun dəyişməsi anlamına gəlir. Yəni, bəzi səfirliklər bir-biri ilə birləşdirilə bilər. Azərbaycan Avropada bu təcrübəni sınaqdan keçirib. Hesab edirəm ki, bu praktikadan istifadə edilə bilər. Bir səfir bir neçə ölkədə səfir missiyasını həyata keçirə bilər".Q.Hüseynli hesab edir ki, səfirliklərin birləşdirilməsi Azərbaycan üçün faydalı ola bilər: "Prosesin başlayacağı real görünür. Hesab edirəm ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan dövlətlərdəki səfirliklərimiz toxunulmaz qalmalıdır. Bununla belə həmin ölkələrdəki səfirliklərdə ştat ixtisarı aparıla bilər. Eləcə də aparıcı ölkələrdə, o cümlədən Yaponiya, Hindistan, İndoneziya, İran, Avropanın İtaliya, İspaniya kimi ölkələrindəki səfirliklərimiz toxunulmaz qalmalıdır.
Afrikada Azərbaycanın siyasi, iqtisadi maraqları olsa da, hələlik bu qitədə yerləşən ölkələrlə diplomatik əlaqələrin genişləndirilməsində o qədər də zərurət görmürəm. Misirdəki səfirliyimiz mütləq saxlanılmalıdır. Cənubi Afrika Respublikası ilə iqtisadi və hərbi sahədə əlaqələrimiz genişdir. Oradakı səfirimiz geri çağırılıb və yerinə hələlik təyinat yoxdur. Post-sovet məkanı ölkələrdəki səfirliklərimizin birləşdiriləcəyini düşünmürəm".
Politoloq hesab edir ki, bu sahədəki islahatlar xarici siyasətin aparılması işinə zərər verməyəcək: "Əsas iş Xarici İşlər Nazirliyinin üzərindədir. Hesab edirəm ki, bu nazirlik xarici siyasətimizi uğurla apara bilir".
Politoloq Fikrət Sadıqovun fikrincə, səfirliklərin sayı mütləq optimallaşdırılmalıdır: "Uzaq ölkələrdə səfirliklərimiz yerləşir ki, onların fəaliyyəti mühüm əhəmiyyət kəsb etmir. Yaxın ölkələrdə yerləşən səfirliklərimiz bu funksiyanı yerinə yetirə bilər. Bu baxımdan səfirliklərimiz optimallaşdırılmalı və fəaliyyətləri gücləndirilməldir. Ancaq bu haqda ciddi araşdırma aparıldıqdan sonra qərar verilməlidir".
F.Sadıqov qeyd edib ki, aparıcı ölkələrdəki səfirliklərə toxunulmamalıdır: "Hesab edirəm ki, aparıcı ölkələrdəki səfirliklərimiz, beynəlxalq təşkilatlardakı daimi nümayəndəliklərimiz fəaliyyətini davam etdirməlidir. Cənubi Asiyadakı, Latın Amerikasındakı səfirliklərimizdə ixtisarlar aparıla bilər. Eyni zamanda MDB məkanındakı ölkərindəki səfirliklər optimalaşdırıla bilər. Bu diplomatik praktikaya uyğundur".
Sözügedən proseslərin həyata keçirilməsində bir çox zərurətlər ortaya çıxır. Bəzi səfirliklərin fəaliyyətini dayandırması və onların birləşdirilməsi əsas mövzudur. Deputatın bu fikri başa düşülən və qəbulediləndir. Afrika qitəsi üzrə bir neçə səfirlikdənsə orada vacib mövqe tutan Misir və CAR respublikları diqqət mərkəzində dayanır. Digər materiklərdə də diplomatik əlaqələrin gedişatında daha çox beynəlxalq əlaqləri olan ölkələrin gələcəkdə siyahıda qalması önəmlidir.
Qeyd edək ki, hazırda Azərbaycanın xarici ölkələrdə 59 səfirliyi, 9 konsulluğu, 5 nümayəndəliyi fəaliyyət göstərir.
Rüfət Soltan
Adalet.az