Allahşükür Paşazadə İranda Ruhani və Xameneyi ilə görüşəcək

Allahşükür Paşazadə İranda Ruhani və Xameneyi ilə görüşəcək backend

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və Qafqaz Xalqları Ali Dini Şurasının sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti dekabrın 2-də İran İslam Respublikasına səfər edəcək.

QMİ-dən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə Ali Dini Şuranın üzvləri olan, Rusiya Federasiyasının Şimali Qafqaz subyektlərinin müftiləri, habelə Qafqaz Müsəlmanları İdarəsi Sədrinin 1-ci müavini, müfti Salman Musayev və digər əməkdaşlar daxildir.

Səfər zamanı Şeyxülislam və heyət üzvləri paytaxt Tehranda İran prezidenti Həsən Ruhani, Parlament sədri Əli Laricani, İslam İşləri və İrşad məsələləri üzrə nazir Əbuzər Torkeman ilə yüksək səviyyədə görüşlər keçirəcəklər. Nümayəndə heyəti eləcə də Məşhəd və Qum şəhərlərinə səfər edəcək və orada İranın yüksək rütbəli dövlət və din xadimləri ilə görüşəcək.

Nümayəndə heyətinin İranın Ali rəhbəri Ayətullah əl-Uzma Seyyid Əli Xameneyi ilə görüşü nəzərdə tutulub.

Səfər proqramının mühüm bəndlərindən biri dekabrın 1-də Bakıda keçirilən “Qafqazda Dini Tolerantlıq Ənənələri və Azərbaycanın Multikulturalizm Modeli” konfransının davamı olacaq. Konfransın İran hissəsi İslami Məzhəblərin Yaxınlaşması Təşkilatının dəstəyi ilə keçiriləcək.

Səfər proqramı çərçivəsində Qafqaz Xalqları Ali Dini Şura və Qafqaz Müsəlmanları İdarəsinin birgə nümayəndə heyəti Məşhəd şəhərində İmam Rza (ə) ziyarətgahında da olacaq.
Diaspora