NATO parlamentində erməni “həyasızlığı”

NATO parlamentində erməni “həyasızlığı” backend

NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyası gərginliklə yadda qalıb.

İclasda erməni deputat Koryun Nahapetyan deyib ki, Türkiyə İŞİD-in mövqeyini müdafiə edir. Türkiyə XİN rəhbəri erməni deputatın söylədiklərinə cavab verərək onu susdurub. O cümlədən deputatın Türkiyənin Qarabağ məsələsində Ermənistanın qarşısına şərt qoyması ilə bağlı ittihamları da Çavuşoğlu tərəfindən layiqli cavabını alıb. XİN rəhbəri Türkiyə qədər İŞİD-ə zərbə vurmuş bir dövlətin olmadığını ilk cümləsində bəyan edərək həmçinin Ermənistanın Qarabağı işğal etməsini də xatırladıb: "Azərbaycanın ərazisi olan Dağlıq Qarabağın Ermənistan işğalçılarından azad edilməsi ilə bağlı BMT-nin 4 qətnaməsi var. Avropa Birliyinin qəbul etdiyi qərarlar var. Azərbaycanın 20 faiz torpağını - Qarabağı mən işğal etmişəm? Siz (Ermənistan-red.) işğal etmisiniz. Niyə Qarabağdan çıxmırsınız? Biz sizə bununla bağlı məsləhətlər verdik. Qarabağı işğaldan azad etsəniz, sərhədləri açacağımızı vəd etdik. Siz dediniz ki, Azərbaycan üçün niyə şərt qoyursunuz? Anlayın, Azərbaycan bizim qardaşımızdır. Bir millət, iki dövlətik. Azərbaycanın məsələləri bizim məsələmizdir".
Politoloqlar da NATO-nun iclası ilə bağlı öz şərhlərini veriblər. Tofiq Abbasov erməni deputatın bu çıxışının sifarişli olduğunu deyir. Onun sözlərinə görə, erməni deputatın təxribat xarakterli çıxışı və ittihamları gözlənilən idi. "Daim qonşu xalqlara qarşı aqressiv münasibət göstərən, "mehriban qonşuluq" anlayışından tamamilə uzaq olan Ermənistan hakimiyyəti və "Böyük Ermənistan" xülyası ilə yaşayan erməni lobbisi hər imkandan yararlanmağa çalışır. Məqsəd Azərbaycana və onun müttəfiqi Türkiyəyə qarşı dünyada mənfi münasibət yaratmaq, özlərinin "məzlum" imicini qabartmaqdır".
Çavuşoğlunun çıxışına münasibət bildirən politoloq Fikrət Sadıqov deyib ki, Türkiyə XİN rəhbərinin erməni deputatı susdurması Ermənistanın yalan üzərində qurduğu "siyasət"inin fiaskosu idi: "Türkiyənin xarici işlər naziri erməni deputatın yalanlarını tutarlı arqumentlərlə ifşa etdi. Sübut etdi ki, terrorizmi dəstəkləyən, başqa dövlətin ərazisini işğal edən ölkə məhz Ermənistandır. Bu, bir daha erməni yalanlarının iflası, fiaskosudur. Eyni zamanda qeyd edim ki, ermənilər son zamanlar belə hallarla tez-tez qarşılaşırlar. Artıq dünya erməni yalanlarından məlumatlıdır".
F.Sadıqov əlavə edib ki, Türkiyə bütün beynəlxalq tribunalarda Azərbaycanın haqlı mövqeyini müdafiə edir: "Bu tədbirdə erməni deputat Türkiyəni İŞİD-ə dəstək verməkdə günahlandırdı. Çavuşoğlu isə gətirdiyi arqumentlərlə erməni deputatı yerində oturtdu. Hətta, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Çavuşoğlu bir daha sübut etdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır".
Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Siyavuş Novruzov da Türkiyənin Xarici İşlər nazirinin çıxışını heyrətamiz çıxış adlandırıb. O bildirib ki, assambleyanın 62-ci illik sessiyası çox önəmli bir toplantıdır: "NATO Parlament Assambleyasının növbəti sessiyasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Azərbaycanla olan mövqeyini bir daha ortaya qoydu. İclasda Mövlud Çavuşoğlu Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasını, müxtəlif nüfuzlu beynəlxalq qurumların Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı qərarlarını dinləyicilərin diqqətinə çatdırdı. Cənab Çavuşoğlunun erməni yalanlarına qarşı çıxışı çox heyrətamiz idi".


Rüfət Soltan

Adalet.az
Diaspora