Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Yohannes Hanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən Lent.az-a verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndiriblər.Azərbaycanın Avropa İttifaqına üzv əksər dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərinə malik olduğunu bildirən nazir Elmar Məmmədyarov Aİ ilə də strateji tərəfdaşlıq əlaqələrinin qurulmasının vacibliyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycanla Aİ arasında enerji sahəsində tərəfdaşlıq və TAP və TANAP layihələrinin əhəmiyyəti qeyd olunub. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların cari vəziyyəti haqqında məlumat verən nazir Elmar Məmmədyarov digər Avropa institutları kimi Aİ-nin də münaqişə ilə bağlı qəti mövqeyinin ortaya qoyulmasının vacibliyini söylədi. Mövcud status kvonun qeyri-davamlı və qəbuledilməz olduğunu deyən E. Məmmədarov əlavə edib ki, status kvonun dəyişdirilməsi və münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. E. Məmmədyarov işğal və təcavüzün aradan qaldırılması və münaqişənin həlli nəticəsində regional inkişaf üçün yeni imkanların yaranacağını diqqətə çatdırıb. Ölkəmizdə qanunun aliliyinin təmin olunduğunu bildirən nazir Azərbaycanın ardıcıl demokratik inkişafının davam etdirildiyini bildirib.