Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin adının “konstitusiya dəyişiklikləri” deyilən qurama proses çərçivəsində dəyişdirilərək “Artsax respublikası”adlandırılması cəhdi Ermənistanın beynəlxalq ictimaiyyəti, ATƏT-in Minsk qrupu həmsədrlərini növbəti dəfə aldatmaq siyasətidir.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə açıqlamasında bildirib.XİN rəsmisi deyib ki, prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərindən sonra Ermənistandan konstruktiv və konkret addımların atılması gözlənilsə də, rəsmi Yerevan bu kimi təxribatçı əməlləri ilə münaqişənin sülh yolu ilə həlli üzrə aparılan danışıqlara zərər vurmaq siyasətini yürüdür: “Bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı məhz bu ad altında ölkəmizin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ayrılmaz bir hissəsi kimi qəbul edir. “Konstitusiya dəyişikliyi” adı altında Ermənistanın növbəti oyunu bir daha onu göstərir ki, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsi (anneksasiya) məqsədini güdür. Həmçinin, bu hal sübut edir ki, rəsmi Yerevanın danışıqlarda iştirakı qeyri-ciddi və imitasiya xarakteri daşıyır, Ermənistan hər vəchlə substantiv danışıqlardan boyun qaçırmağa və ATƏT-in Minsk Qrupunun həmsədrlərini aldadaraq mövcud status-kvonun dəyişdirilməsi istiqamətində onların son səylərini iflas etməyə çalışır”.