Türklərin toplu şəkildə yaşadığı əyalət və bölgələrdən parlamentə yol tapan deputatların ilk iclasında təbrizli deputat, İran parlamenti sədrinin canişini Məsud Pezeşkiyan Türkdilli Deputatlar Fraksiyasının sədri vəzifəsinə, urmiyalı deputat Nadir Qazipur ilə ərdəbilli deputat Rza Kərimi isə onun canişinləri vəzifəsinə seçilib. İclasda həmçinin Mərənd və Culfa şəhərlərindən seçilən deputat Məhəmməd Həsən Nəjad və təbrizli deputat Şəhabəddin Bimiqdar katib, təbrizli deputat Zəhra Sai isə fraksiyanın sözçüsü vəzifəsinə təyin ediliblər.
Fraksiyanın fəaliyyətə başlaması və onun funksiyası barədə jurnalistlərə açıqlama verən sözçü Zəhra Sai deyib ki, İran parlamentinin 25 deputatı artıq Türkdilli Deputatlar Fraksiyasının mərkəzi şurasının üzvüdür: "Türklərin yaşadığı bölgələrin probleminin həlli istiqamətində strateji idarəçiliyin təmin edilməsi, həmin bölgələrin potensialından maksimum dərəcədə istifadə olunması, ölkədə müvazinətli inkişafı təmin etmək, eləcə də milli birliyin gücləndirilməsi və inkişafı, fraksiyanın əsas hədəflərindən sayılır".Yayılan məlumatlarda bildirilir ki, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan əyalətlərindən olan deputatlardan başqa, İranın bir sıra digər əyalətlərinin deputatları, o cümlədən də Savucbulaq deputatı Mahmud Bəhməni, Tehrandan seçilən deputatlar İlyas Həzrəti və Behruz Neməti, Şirazdan olan deputat Əli Əkbəri, Qumdan olan deputat Əhməd Əmirabadi Fərahani və assurilərin deputatı Yunaten Bet Kolya Türkdilli Deputatlar Fraksiyasının üzvləridir.(azvision.az)