Gürcüstanda parlament seçkilərinin ikinci turu başlayıb

Gürcüstanda parlament seçkilərinin ikinci turu başlayıb backend

Bu gün, yerli vaxtla saat 8:00-da Gürcüstan parlamentinə seçkilərin ikinci turu başlayıb. Səsvermə saat 20:00-da başa çatacaq.

Qaziler.az Report-a istinadən xəbər verir ki, ikinci tur 73 majoritar dairənin 50-də təşkil olunub.

Səsvermə ilə əlaqədar həmin dairələrdə 2 min 229 seçki məntəqəsi yaradılıb. Bu məntəqələrdə 2 milyon 478 min 42 nəfər seçicinin iştirakı nəzərdə tutulub. Dairələrdə 100 namizədin mübarizə aparacağı gözlənilir.

Seçkilərin ikinci turunu 7 xarici ölkənin media qurumlarının 582 jurnalist, 10 beynəlxalq təşkilatdan 221 müşahidəçi izləyir. Yerli müşahidəçilərin sayı 12 min 122 nəfərdir.

Gürcüstan Mərkəzi Seçki Komissiyası bəyan edib ki, səsvermənin ilkin nəticələri barədə səsvermə başa çatdıqdan 2 saat sonra məlumat veriləcək.

İkinci turda namizədlər adi səs çoxluğu ilə qalib hesab ediləcəklər.

Səsvermənin ikinci turu azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonundakı 36 saylı dairədə də keçirilir. Bu dairədə azərbaycanlı, “Vahid milli hərəkat” partiyasının namizədi Əhməd İmamquliyev mübarizə aparır. Onun rəqibi “Gürcü arzusu” partiyasının namizədi Tamaz Naverianidir.

Qeyd edək ki, Gürcüstan Parlamenti deputatlarının 77-si proporsional sistem, 73–ü isə majoritar qaydada seçilirlər. Oktyabrın 6-da keçirilmiş birinci turda proporsional sistem üzrə 77 deputat seçilsə də, 73 majoritar dairənin 50-də namizədlərin heç biri səslərin 50+1 faizini toplaya bilməyib. Ona görə də həmin 50 dairədə seçkilərin ikinci turu keçirilir.
Diaspora