Çayxananın (BMT-nin) yeni baş katibi Antonio Qutteriş təşkilatın dünya qaçqınları üzrə gələcək planlarını açıqlayıb. Belə ki, yeni baş katib qaçqın problerminin həlli istiqamətində onların dünya ölkələri ərazisində paylanmasından danışıb. Bu məsələdə əsas məqsəd görünür Avropa ölkələrinin yükünü azaltmaqdır. Həmçinin gələcəkdə təhlükə zonalarından gələn qaçqınların sayının artacağı da proqnozlaşdırılır.
Qeyri-leqal miqrant axınının kəskin artdığı Avropada hazırda yaranmış vəziyyət BMT tərəfindən "İkinci Dünya müharibəsindən bəri dünyada ən böyük qaçqın böhranı" hesab olunur. Çünki qitəyə üz tutanların əksəriyyəti hazırda münaqişələrin, daxili müharibələrin, terrorizmin, xaosun hökm sürdüyü ölkələrdə yaşayış şəraitinin, humanitar vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar evlərini tərk etmək məcburiyyətində qalanlardır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının açıqlamasına görə, bu il Aralıq dənizini 300 min nəfərə yaxın miqrant keçib, onlardan 181,500 nəfəri Yunanıstana, 108,500 nəfəri isə İtaliyaya daxil olub. Qurumun 2015-ci il iyul ayının sonuna olan statistikasına görə, il ərzində Avropaya qayıqla gələnlərin 62 faizi Suriya, Eritreya və Əfqanıstandan olanlardır. Buraya Sudanın Darfur bölgəsindən, İraq, Somali və Nigeriyanın münaqişəli zonalarından gələnləri də əlavə etdikdə göstərici 70 faizə yüksəlir.Son həftələrdə 10 min nəfərdən artıq qaçqın, sərhədçilərin mane olmaq cəhdinə baxmayaraq, Yunanıstandan Makedoniyaya keçiblər. Ümumiyyətlə, miqrantların bir qismi Yunanıstan və İtaliyaya çatdıqdan sonra Makedoniya, Serbiya, Macarıstan kimi ölkələrin ərazisindən keçərək Almaniya, Fransa, Skandinaviya ölkələri kimi daha inkişaf etmiş, yaxud miqrasiya siyasəti daha yumşaq olan ölkələrə üz tuturlar. Suriyalı qaçqınların qəbulunda ABŞ yükün nisbətən az bir hissəsini üzərinə götürüb. Məlumatlara görə, ABŞ 2016-cı ildə 5-8 min arası suriyalı qaçqını qəbul etmək niyyətindədir. İndiyə qədər isə BMT-nin qaçqınların işi üzrə komissarlığının tövsiyəsi ilə 15 min qaçqını qəbul edib. 2015-ci ildə isə 1-2 min arası qaçqının ölkəyə qəbulu planlaşdırılıb. BMT-nin açıqlamasına görə, bu ilin iyul ayında suriyalı qaçqınların sayı 4 milyon nəfəri keçib. Onların əksəriyyəti Türkiyə, İordaniya, Livan kimi region ölkələrində yerləşiblər. Lakin bu ölkələrin qaçqınlara verə biləcəyi sığınacaq və təminatın məhdudluğu, miqrantların isə durmadan artması Avropaya üz tutanların sayını yüksəldir. Həmçinin, qaçqınlar Aralıq dənizi ilə qarşı tərəfə keçə bilmək üçün çox zaman məhz İŞİD silahlılarının razılığını almaq, bunun üçün isə onlara adambaşına 3-4 min dollara qədər məbləğ ödəmək məcburiyyətində qalırlar. İŞİD-in gücünü artırmasına yönəldilən bu vəsaitlər sayəsində terrorçu təşkilat öz cinayətkar əməllərini daha da genişləndirir, nəticədə, regiondan qaçqın düşənlər daha da çoxalır.
Bütün bunlar deməyə səas verir ki, yaxın gələcəkdə qaçqınlar üçün əlçatan olan Avropaya miqrasiya axının artması qaçılmazdır.
Qaçqınlar Almaniya ilə Britaniyanı üzüzə gətirdi
Almaniya kansleri Angela Merkel isə Britaniya rəhbərliyindən fərqli olaraq, miqrantlara münasibətdə daha loyal mövqedə olduğunu nümayiş etdirir. Başqa bir tərəfdən, görünən odur ki, Almaniya avrozona böhranında olduğu kimi, miqrant böhranının aradan qaldırılmasında da aparıcı rol oynamaq niyyətindədir. Belə ki, Merkel Britaniya da daxil olmaqla Aİ ölkələrinin daha çox sayda miqrant qəbul etməsini istəyir. Dublin konvensiyası sığınacaq axtaranların gəldikləri ilk Aİ ölkəsində qalmasını tələb edir. Merkelin isə hətta suriyalı qaçqınlara hansı ölkəyə müraciət etmələrindən asılı olmayaraq Almaniyada məskunlaşmalarına icazə verdiyi bildirilir. Merkel və Fransa prezidenti Fransua Olland miqrant yükünü paylaşmaq üçün Aİ çərçivəsində yeni sazişin imzalanmasını zəruri hesab edirlər. İndiki məqamda miqrasiya siyasətini liberallaşdırmağa çalışan Almaniya-Fransa müttəfiqliyi, Aİ rəhbərliyi və BMT də daxil olmaqla onlara tərəfdar çıxan qüvvələr ilə daha mühafizəkar miqrasiya siyasəti tərəfdarı olan Britaniya və əsasən Şərqi Avropa ölkələrinin qarşıdurması müşahidə olunur.
Bu vəziyyəti təhlil edən ekspertlər Aİ ölkələrinin seçim qarşısında qaldığını bildirirlər. Onlar ya milli dövlətlərin miqrasiya siyasətinin müəyyənləşdirilməsində müstəqil fəaliyyətinə dəstək verməli, ya da bu sahədə qəti və birmənalı mərkəzləşdirilməyə tərəfdar çıxmalıdırlar. Çünki Aİ-nin açıq sərhədlər, sərbəst hərəkət siyasəti ilə milli dövlətlərin öz sərhədlərindən kimləri buraxıb-buraxmayacaqlarına qərarvermə səlahiyyətləri arasında ziddiyyət yaranıb. Bu ziddiyyət ittifaqın təməllərini sarsıda bilər (bax: əvvəlki mənbə).
Aİ daxilində miqrantların ölkələrə kvotalarla paylanması ilə bağlı ortaq razılığın əldə olunmaması səbəbindən bir sıra ölkələr problemi özləri həll etməyə çalışırlar. Aİ-nin açıq sərhədlər siyasəti səbəbindən ittifaq ölkələri sərhədi qanunsuz yollarla, hətta sərhədçilərlə əlbəyaxa şəkildə keçənlərin əksəriyyətini məsuliyyətə cəlb etmirlər. Bu ölkələr, xüsusən də Macarıstan miqrantların daxil olduğu sərhəd zonalarında çəpərləmə yolu ilə axının qarşısını almağa çalışır.
Proqnozlar yaxın aylarda böhranın daha da dərinləşəcəyindən xəbər verir. BMT-nin qaçqınların işi üzrə komissarlığı bu ilin noyabr ayınadək Cənubi Avropaya bir gündə təqribən 3 min miqrantın daxil olacağını proqnozlaşdırır. Bu isə qitə ekspertlərini, siyasətçilərini vəziyyətdən təcili çıxış yolları üzərində düşünməyə vadar edir. Lakin yeni gələn Baş aktibimn fərqli çıxış yolu tapması digər Avropa ölkələrini də düşünməyə vadar edir. Birləşmiş Millətlər Təşkilatının yeni baş katibi Antoniu Quterriş qaçqınların bütün dünyada yerləşdirilməsinin tərəfdarıdır. Belə bir təklifin Azərbaycana da ediləcəyi mümkündür, belə ki, ölkədə məcburi köçkün axını ilə iş üzrə təcrübə mövcuddur.
Azərbaycan qaçqınları qəbul etməyə hazırdırmı?
Bu gün Azərbaycanda məcburi köçkünlərin və qaçqınların sayı 1 milyon nəfərdən ibarətdir. Ermənistandan 250 min, Dağlıq Qarabağdan isə 60 mindən çox, Azərbaycanı Ermənistan tərəfindən işğal edilmiş ərazilərindən isə 700 min azərbaycanlı vətəndaş qovulub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov daha öncə, son 24 il ərzində Azərbaycan dövlətinin qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 2,5 milyon dollar xərclədiyi barədə bəyanat vermişdi.
Hüquqşünas Eldar Zeynalovun dediyinə görə, Yaxın Şərqdən olan qaçqınları qəbul etmək barədə Azərbaycana da təklif ola bilər: “İstənilən halda son ildə ərəb turistlərinin miqrasiyasını gücləndirərək, deyəsən, bizi buna hazırlayırlar. Amma Azərbaycanın Dağlıq Qarabağ kimi kontarqumenti var. İş ondadır ki, əgər qaçqın düşərgələri salınarsa, bu düşərgələr vaxtilə bizim məcburi köçkünlərimizin yerləşdiyi düşərgələrin ərazisində olacaq, bu ərazi isə təmas xəttinə yaxındır. Hərbi əməliyyatlar bərpa olunduğu halda, bu əməliyyatlar həmin regiona da təsir edə bilər”.
E.Zeynalovun sözlərinə görə, əgər BMT Təhlükəsizlik Şurasının Qarabağ üzrə qətnamələrini həll etməyə yardım etsə, bu başqa, o zaman Qarabağ problemi aradan qaldırıla bilər və bu halda cavab jesti gözlənilən və yerində olar: “Amma deyəsən, biz bunu BMT-dən görməyəcəyik...”.
Birləşmiş Millətlər Təşkilatının yeni baş katibi Antoniu Quterrişin qaçqınlar problemi barədə isə mütəxəssis deyib ki, yeni baş katib BMT-də məhz bu sahədə çalışıb, bununla yanaşı o, Yaxın Şərq və Afrika qaçqınlarının indiki Avropada problem olduğunu görür: “Ona görə də ondan yaxın günlərdə sülhməramlılığın fəallaşdırılması da daxil olmaqla müxtəlif təkliflər gözləmək olar. Səbəblərlə işləmək, nəticələrlə işləməkdən daha düzgün və səmərəlidir. Ərəb qaçqınlarının müxtəlif ölkələrdə yerləşdirilməsinə gəldikdə isə bu, Avropa İttifaqı tərəfindən təklif edilib. Təbii ki, qaçqınlar yerləşdirilərkən yalnız ölkənin ölçüləri nəzərə alınmayacaq (belə ki, bu baxımdan az əhalisi olan Sibiri nəzərə alsaq, ən əlverişli ölkə Rusiya olardı), həm də iqtisadi vəziyyət nəzərə alınacaq”.
Rüfət Soltan
Adalet.az