Xarici İşlər Nazirliyindən QAZİLER.AZ saytına verilən məlumata görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri E.Nalbəndyanın “İnternational Affairs” jurnalına 6 aprel 2015-ci il tarixində verdiyi müsahibəni şərh etmişdir. O bildirib ki, Ermənistan xarici işlər nazirinin Azərbaycana qarşı irəli sürdüyü əsassız iddiaları danışıqlar prosesinin reallığı ilə ziddiyyət təşkil edir. Bu beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş növbəti çarəsiz cəhddir.
ATƏT Minsk qrupunun həmsədrləri tərəfindən də dəfələrlə bəyan edildiyi kimi mövcud status kvo qəbuledilməzdir. Mövcud status kvonun əsasını isə Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı təşkil edir. Bu səbəbdən qəbuledilməz olan status kvo ilk növbədə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi ilə dəyişdirilməlidir. 2014-cü ilin mayında ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlik ATƏT Minsk Qrupunun digər həmsədrləri tərəfindən də dəstəklənən münaqişənin həllinə dair altı bənddən ibarət planı təqdim etdi. Bu planın da başlıca elementi Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsidir.ATƏT-in Minsk Qrupunun həmsədrlərinin israrlı çağırışlarına baxmayaraq, Ermənistan böyük sülh sazişi üzərində işə başlamaqdan imtina edir.
ATƏT Minsk Qrupunun həmsədrlərinin bəyanat və çağırışlarını təhrif edən Ermənistan xarici işlər nazirinə xatırlatmaq istərdik ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mandatına dair 1995-ci il 23 mart tarixli Budapeşt sənədində həmsədrlərin fəaliyyətinin əsasını BMT nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil etdiyi vurğulanır. BMT Təhlükəsizlik Şurasının qətnamələri isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu təsbit edir, güc tətbiq edərək ərazi əldə etməsinin qəbul edilməzliyini vurğulayaraq, işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edir.
ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan humanizmdən kənar şəkildə itkin düşmüş şəxslər barəsində məlumat mübadiləsindən imtina edir. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 4000-dən artıq azərbaycanlı itkin düşmüş hesab edilir. Onların əksəriyyəti Ermənistan tərəfindən öldürülüb və işğal edilmiş ərazilərdə və Ermənistan ərazisində kütləvi məzarlıqlarda basdırılıb. Müasir DNT analizləri vasitəsilə onların kimlikləri müəyyən edilə və ailələrinə məlumat verilə bilərdi.
Hal-hazırda davam edən vəziyyətə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Ermənistan rəhbərliyi yürütdüyü destruktiv siyasət ilə bir daha sübut edir ki, Ermənistan regionda sülh, sabitlik və öncədən görünə bilən (proqnozlaşdırıla bilən) vəziyyətin bərqərar olmasında maraqlı deyildir.